Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
ABŞ-nin birinci xanımı Melaniya Tramp Ağ Evdə Milad mövsümünü rəsmi olaraq açıb.
Bakıvaxtı.az "Fox News"a istinadən xəbər verir ki, o, ölkənin əsas Milad ağacını qarşılayıb və sülh mesajı çatdırıb.
Bu il Ağ Evin Milad bəzəkləri "Amerika çiçəklənməsi" mövzusunda olacaq.
23 noyabrda Ağ Evə 5,5 metr hündürlüyündə Viskonsin küknar ağacı gətirilib. Küknar "Silent Night Evergreens" şirkətindən at arabası ilə daşınıb və onun gəlişi iqamətgahın bayram hazırlıqlarının rəsmi başlanğıcı olub.
Melaniya ağacı yetişdirən Çapman ailəsinə, eləcə də onu Vaşinqtona çatdıran ABŞ ordusu veteranı və "FedEx" sürücüsü Çak Censenə təşəkkür edib.
Milad ağacının qarşılanması üçün birinci xanım "Gabriella Hearst"in qırmızı və ağ rəngli dama-dama paltosunu seçib.
Melaniya ən böyük Milad arzusunun dünya sülhü olduğunu deyib. O, Rusiya ilə Ukrayna arasında atəşkəs sazişinin Milada qədər imzalanacağına ümid etdiyini bildirib.
Melaniyanın sözlərinə görə, Tramp ailəsi Şükranlıq bayramını Floridadakı Mar-a-Laqo malikanəsində keçirməyi planlaşdırır. Bundan öncə isə Donald Tramp Ağ Evdə iki hinduşkanın ənənəvi əfv mərasimində iştirak edəcək.
Qeyd edək ki, ağac bayram mövsümündə Ağ Evin Mavi Otağını bəzəyəcək.
Gülşən Şərif