Məleykə Abbaszadə BDU da nələri dəyişəcək?

19.11.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyin olunmasından sonra universitetdə bir çox məsələdə ciddi dəyişikliklərin olacağını düşünürəm".

Bu sözləri təhsil eksperti Elmin Nuri Milli.Az-a açıqlaması zamanı deyib.

E.Nuri bildirib ki, Məleykə Abbaszadənin idarəetmə qabiliyyəti və bir çox məsələlərdə prinsipiallığı hazırda BDU üçün çox vacibdir. Ekspert hesab edir ki, onun fəaliyyəti universitetin əvvəlki nüfuzunun yenidən bərpa olunmasına dəstək verəcək.

Elmin Nuri qeyd edib ki, son illərdə Bakı Dövlət Universiteti ilə bağlı ən çox səsləndirilən problemlərdən biri imtahan sessiyasının təşkili olub:

"Düşünürəm ki, imtahanlarda müəyyən fərqliliklər olacaq".

Onun sözlərinə görə, hətta abituriyentlərlə ixtisas seçimi zamanı aparılan konsultasiyalarda belə BDU-da imtahan prosesi ilə bağlı narazılıqlar səsləndirilib. Bəzi abituriyentlər məhz bu səbəbdən universiteti seçmək istəmədiklərini bildiriblər.

Ekspert vurğulayıb ki, hazırda sosial şəbəkələr tələbələrin problemlərini ictimailəşdirməsi üçün geniş imkanlar yaradır. "TikTok", "Instagram", "Facebook", "Telegram" və "YouTube" kimi platformalarda səsləndirilən fikirlər ictimai rəyin formalaşmasına təsir göstərir:

"İctimai rəy artıq öz sözünü elə deyir ki, onun reallığına inanmamaq olmur".

İmtahan sistemində mümkün dəyişikliklərə münasibət bildirən Elmin Nuri tələbələrin test üsulu ilə deyil, açıq yazılı formada qiymətləndirilməsinin tərəfdarı olduğunu deyib:

"Şəxsən mən də tələbələr üçün imtahanların test yox, açıq şəkildə yazılı formada keçirilməsinə daha çox sevinərəm. Tələbə abituriyentdən fərqlənməlidir. Qapalı imtahanlar, yəni testlər tələbənin ixtisası və fənni ilə bağlı bilik və bacarıqlarına mənfi təsir edə bilər. Düşünürəm ki, bundan sonrakı mərhələdə də yazılı imtahan formasının saxlanılması yaxşı olar.

Amma imtahanın prosessual məsələlərində müəyyən dəyişikliklərə ehtiyac var. Məsələn, eşitdiyimə görə, apellyasiya ilə bağlı müraciətlər müsbət cavablandırılmır. Əvvəllər bir-iki bal çatışmayanda bu nəzərə alınırdısa, indi belə hallar yoxdur. Bunu tələbələrin özlərindən eşitmişəm. Bu kimi detalların düzəldilməsi mütləqdir".

Qeyd edək ki, Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib. Məleykə Abbaszadə isə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru olub.

Müəllif: Mina Mikayılova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью