Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə təyinatından sonra ilk geniş açıqlamasını yayıb.
"Bakupost" xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Prezident İlham Əliyevə göstərdiyi etimada görə minnətdarlığını bildirib, Dövlət İmtahan Mərkəzindəki (DİM) fəaliyyətini xatırladıb və yeni vəzifəsində qarşıya qoyduğu hədəflərdən danışıb.
Məleykə Abbaszadə BDU-ya rektor təyin olunmasını böyük şərəf və məsuliyyət kimi qiymətləndirib.
O, ötən gün DİM-də uzun illər birlikdə çalışdığı kollektivlə vidalaşdığını bildirib:
“Birlikdə keçirdiyimiz illəri düşünəndə yadıma bu sistemi addım-addım qurduğumuz günlər düşdü. Bəzən bir məsələnin həllini tapmaq üçün səhərə qədər işləyirdik. Bu gün isə o gecələrdə çiyin-çiyinə çalışıb qurduğumuz, hər kəs üçün açıq, şəffaf və əlçatan sistemi ürək rahatlığı ilə həmkarlarıma həvalə edirəm”.
Yeni rektor 1999-cu ildə internet vasitəsilə vətəndaşlara məlumat çatdırmağa başladıqları dövrü də xatırladaraq imtahan sisteminin şəffaflığı və əlçatanlığı üçün böyük əmək sərf edildiyini vurğulayıb.
Məleykə Abbaszadə BDU-da fəaliyyətə böyük vədlərlə başlamaq istəmədiyini də xüsusi qeyd edib.
“İllər boyu gənclərin universitetə gedən yolunda çalışmışam. İlk addımlarımız mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olmalıdır”.
Abbaszadə bildirib ki, universitetin mövcud nailiyyətləri qorunmalı, eyni zamanda, elmi potensialı gücləndirilməli, akademik dürüstlük və tənqidi düşüncə təşviq edilməlidir.
O, tələbələrin sərbəst fikir bildirməsinə və müstəqil qərar verməsinə xüsusi önəm verəcəyini açıqlayıb:
“İstəyirəm ki, gənclərimiz universitetdə öz suallarını sərbəst verə, fikirlərini açıq deyə və gələcəkləri barədə müstəqil qərar verə bilsinlər. Bundan sonrakı işimdə də bunun üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 19-da imzaladığı sərəncamlarla Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin olunub.
O, bu vəzifədə Elçin Babayevi əvəzləyib.
BakuPost