Məleykə Abbaszadə tələbələrin müraciətini nəzarətə götürdü Özündən AÇIQLAMA

27.11.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə rektor kimi fəaliyyətinin ilk həftəsinin yekunları ilə bağlı sosial media hesabında paylaşım edib.

Redaktor.az xəbər verir ki, rektor ilk işinin universitetin inzibati və akademik heyəti ilə tanış olmaq olduğunu qeyd edib. Həftə ərzində prorektorlar və dekanlarla ilk ümumi görüşün keçirildiyini vurğulayıb.

Məleykə Abbaszadə görüşdə BDU-nun gələcəyi və bu gələcəyin qurulmasında hər kəsin məsuliyyəti barədə danışdığını bildirib.

O qeyd edib ki, əvvəlki nəsillərdən miras qalan tarix və nüfuz universitetin böyük üstünlüyüdür:

"Bu irsi qorumaq və inkişaf etdirmək isə bizim məsuliyyətimizdir. Universitetin nüfuzunu hər gün təhsilin keyfiyyəti, elmi tədqiqatlarımızın nəticələri, akademik dürüstlük və məzunlarımızın sonrakı fəaliyyəti ilə təsdiqləməliyik".

Rektor tələbələrin universitetdə müstəqil düşünmək və tədqiqat aparmaq imkanlarının genişləndirilməsinin vacibliyinə də diqqət çəkib.

O, Nəsirəddin Tusinin elm öyrənməklə bağlı fikirlərini xatırladaraq tələbələrin çətin elmi məsələləri aydınlaşdırmaqdan zövq almalarını istədiyini vurğulayıb.

Məleykə Abbaszadə dekanları fakültələrinin akademik liderləri kimi gördüyünü qeyd edib. Onun sözlərinə görə, dekanlar təhsil proqramlarının vəziyyətini, tədqiqatların dəstəyə ehtiyacını, müəllim və gənc alimlərin inkişaf imkanlarını bilməli, tələbələrin fikirlərini öyrənməli və beynəlxalq akademik əlaqələri inkişaf etdirməlidirlər.

Rektor yaxın müddətdə hər bir fakültənin vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və elmi potensialı barədə obyektiv təsəvvür əldə etmək istədiyini bildirib.

O, həmkarlarından dürüst və peşəkar təhlil gözlədiyini vurğulayıb:

"Problemi vaxtında görmək, onun haqqında açıq danışmaq və həlli üçün təklif vermək rəhbərlik məsuliyyətinin göstəricisidir".

Məleykə Abbaszadə tələbələrin universitet həyatında daha fəal iştirak etməsinin və qarşılaşdıqları problemləri açıq şəkildə rəhbərliyə çatdırmasının vacib olduğunu da qeyd edib.

Rektor bu həftə tələbələrin sosial mediada BDU-nun C bloku ilə bağlı müraciət etdiklərini xatırladıb. O, məsələnin nəzarətə götürüldüyünü və bununla bağlı ayrılmış işçi qrupunun əraziyə baxış keçirəcəyini açıqlayıb.

"Bu məsələ ilə bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq. Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm", - deyə rektor əlavə edib.

T.İSMAYIL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью