Melodiyalara çevrilmiş çağdaş qəhrəmanlıq

12.11.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Musiqi hisslərin stenoqramıdır. Sözlərin aciz qaldığı yerdə o, qələbənin təntənəsini və qəhrəmanlıq əzəmətini ifadə etməyə qadirdir.

Lev TOLSTOY

Zəfər - bu söz son illər dilimizdə böyük qürur və fərəh hissi doğuran, möhtəşəmlik, dəyanət, inam və qətiyyət anlayışlarını özündə birləşdirən, şəhidlərimizin xatirəsini, igidlərimizin qəhrəmanlığını, xalqımızın birliyini ifadə edən sözə çevrilmişdir.

Qazandığımız zəfərin əhəmiyyəti sıravi vətəndaşlarla yanaşı, yaradıcı insanlar üçün də olduqca böyükdür. Uzun illər həsrətində olduğumuz bu qələbə onlara yeni-yeni əsərlər yaratmağa stimul verir. Yazıçı və şairlərimiz tarixi Zəfərimizi əbədiləşdirən çox sayda şeir, poema və hekayələr yazmış, rəssamlarımız zəfər ideyasını əks etdirən əsərlər yaratmış, bəstəkarlarımız 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən ruhlanaraq müxtəlif janrda əsərlər yaratmağa böyük məsuliyyətlə yanaşmışlar.

Bu işdə Bəstəkarlıq İttifaqının və onun sədri, dünyaşöhrətli bəstəkar Firəngiz Əlizadənin rolu böyükdür. Bu baxımdan Bəstəkarlar İttifaqının 44 günlük müharibədə şanlı zəfərimizin əldə olunması münasibətilə hazırladığı layihələr böyük əhəmiyyətə malikdir. Bu layihələr çərçivəsində keçirilən konsertlərdə ifa edilən simfonik, instrumental və xor əsərlərinin seçilərək nəşr etdirilməsi musiqi mədəniyyətimizə dəyərli töhfədir. 2024, 2025 və 2026-cı illərdə nəşr edilən 3 topluda Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinin əsərləri yer almışdır.

Bu toplular müxtəlif nəsillərə mənsub bəstəkarların Zəfər mövzusuna yanaşmasını bir araya gətirir, əsərlərin ifa və tədqiqi üçün not materiallarını əlçatan edir. Beləliklə, layihə həm müasir yaradıcılıq prosesinin sənədləşdirilməsinə, həm də bu əsərlərin gələcək musiqişünaslıq araşdırmalarına daxil olmasına şərait yaradır.

Xalqımız müxtəlif tarixi dövrlərdə qələbə, qəhrəmanlıq mövzusu ilə bağlı çox sayda musiqi nümunələri yaratmışdır. Azərbaycan bəstəkarlarının yaradıcılığında qələbəyə həsr edilən əsərlərin yaranma tarixi XX əsrdən başlayaraq xüsusi yer tutur.

Müstəqillik yoluna yenicə qədəm qoymuş Azərbaycanın yeni tarixinə yazılan qanlı səhifələr - I Qarabağ müharibəsi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı ilə bağlı hadisələrin musiqi əsərlərində yeni səviyyədə təcəssümü qəm, qüssə, dərin kədər ifadə edən notlarla yanaşı, torpaqların düşmən tapdağından azad edilməsinə ümidi, qələbəyə inamı artırdı. Bu mövzu ilə bağlı A.Əlizadənin qarışıq xor və simfonik orkestr üçün “Ana torpaq” odası, R.Mustafayevin “Haqq səninlədir, Azərbaycan” kantatası, M.Babayevin “Məmləkətimi sevirəm” kantatası, A.Dadaşovun qiraətçi, xor və simfonik orkestr üçün “Bu Vətən ölə bilməz” kantata-andı, E.Dadaşovanın “Döyüş nəğməsi”, “Vətənin keşiyində duran əsgərəm” əsərləri, O.Kazımovun “Yaşa respublikam” kantatası, S.İbrahimovanın simli orkestr üçün “Vətən düşüncələri” kimi instrumental, simfonik və xor əsərləri meydana gəldi.

V.Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası, “Natavan” operası, “Şuşa laylası” mahnısı, R.Mustafayevin “Salatın” oratoriyası, “Bu qan yerdə qalan deyil” vokal-simfonik poeması, T.Bakıxanovun 7 №li “Qarabağ harayı” simfoniyası, F.Əlizadənin “İntizar” operası, O.Kazımovun “Qarabağ lövhələri” simfonik süitası, “Şəhidlər” simfoniyası, A.Dadaşovun fleyta və fortepiano üçün “Şuşam”, C.Quliyevin “Qarabağ marşı”nda Azərbaycan tarixinin qəhrəmanlıq və faciəvi səhifələri öz dolğun ifadəsini tapır.

Yazılan musiqi əsərlərinin çoxunda hərbi-siyasi, vətənpərvərlik mövzuları önə keçərək bütün itkilərə baxmayaraq, xalqı mübarizəyə ruhlandırırdı. Torpaqların işğalı, köçkün və qaçqın həyatının ağırlığı musiqidə dərin qəm-qüssə və faciəvi obrazlarla ifadə olunsa da, hər zaman Qarabağın azad edilməsinə, qələbəyə inamın itməməsi əksini tapırdı.

Nəhayət, 30 il böyük ümidlə gözlənilən an gəlib çatdı. Ali Baş Komandanın “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” kəlməsi milyonlarla insanın ruhunu təzələdi.

Azərbaycan Bəstəkarlar İttifaqının son 4-5 ildə həyata keçirdiyi layihələrdə Zəfər mövzulu xor əsərlərinin geniş ictimaiyyətə təqdimatı milli özünüdərkin, müstəqil Azərbaycan dövlətçiliyinin və ideologiyasının yeni tarixi mərhələsinin başlanğıcını əks etdirir. Bununla bağlı Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin bədii rəhbərliyi ilə “Şanlı Zəfərə həsr olunan Azərbaycan bəstəkarlarının xor və simfonik orkestr üçün əsərləri” layihəsi çərçivəsində 3 cildlik nəşr olundu.

Bütün bu əsərlərdə hər bir bəstəkar öz vətəndaşlıq mövqeyini ortaya qoyaraq baş verən hadisələrə münasibətini bildirmişdir. Bu fərdilik mövzunun həm təfsirində, həm də musiqi dilində parlaq şəkildə özünü göstərir. Eyni tarixi hadisəyə həsr olunmuş əsərlərin müxtəlifliyi də məhz bu fərdi yanaşmadan qaynaqlanır. Bəzi əsərlərdə qələbənin təntənəsi və xalqın birliyi ön plana çıxır, digərlərində isə müharibənin ağırlığı, itkilərin ağrısı və azadlığa aparan yolun çətinliyi musiqi vasitəsilə ifadə olunur. Bu baxımdan Zəfər mövzusu təkcə təntənəli obrazlarla məhdudlaşmır, yaddaş, hüzn, ümid və gələcəyə inam kimi duyğuları da özündə birləşdirir.

Artıq XX əsrin 60–70-ci illərində Azərbaycanda xor və simfonik janrların vəhdətindən yaranan əsərlərin bəstələnməsi bu janrın bədii-emosional, ictimai-sosial keyfiyyət daşıması, xalq və Vətən obrazını təcəssüm edən əsas ifadə vasitəsi kimi çıxış etməsilə şərtlənirdi. Bu baxımdan adları çəkilən əsərlər janr cəhətdən yeni hadisə olmasa da, onların ideya-məzmunu, konsepsiyası yeniliyi ilə seçilir. Bu əsərlərdən bəzilərini daha ətraflı nəzərdən keçirək.

Xalq artisti, professor F.Əlizadə “Zəfər marşı”nı elə qələbə xəbəri verilən kimi, yaşadığı hissləri ifadə etmək üçün dərhal yazmış və simfonik orkestrin tərkibinə bəstəkar ənənəvi alətlərlə yanaşı, milli musiqi alətlərindən - zurna və balabanı da daxil etmişdir ki, bununla da milli koloritin daha da güclənməsinə nail olmuşdur. Giriş mövzunun orkestrin nəfəsli alətləri və zurnanın ifasında səsləndirilməsi onun əzəmətini olduqca artırır.

Əməkdar incəsənət xadimi C.Abbasovun “Şanlı Azərbaycan” – uşaq xoru və simfonik orkestr üçün odasında - görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şeirindən istifadə edilmişdir. Şeirin xarakterinə uyğun olaraq musiqi materialı da möhtəşəm Vətən obrazını canlandırır.

Azərbaycanın şanlı qələbəsini, əzəmətini vəsf edən digər əsər R.Qədimovanın qarışıq xor və simfonik orkestr üçün “Azərbaycanım” mahnısıdır. Mahnıda amiranə tərzdə oxunan və dəfələrlə təkrarlanan “Qalx, ucal ey mənim, Azərbaycanım” misrası böyük fərəh və sevinc hissini ifadə edir.

Müasir Azərbaycan musiqi mədəniyyətinin görkəmli simalarından olan Xalq artisti S.Fərəcovun Xor və böyük simfonik orkestr üçün “Azad Şuşa” qəhrəmanlıq odası, fortepiano üçün “Cıdır düzündə bayram” fantaziyası, simli kvintet, fortepiano, qoboy və tar üçün “Qarabağ” kompozisiyası bu mövzuda yazılan qiymətli əsərlərdəndir.

Xalq artisti, professor A.Dadaşovun “Zəfər çələngi” uvertürası çox təntənəli əhvali-ruhiyyə daşıyan, qələbə sevincini əks etdirən simfonik lövhədir.

Qələbə əhvali-ruhiyyəsini bölüşən digər simfonik əsər - Əməkdar incəsənət xadimi M.Babayevin “Şanlı qələbə” kompozisiyasıdır. Bu əsər təntənəli möhtəşəm, təmkinli və eyni zamanda, ilhamlı ifası ilə qələbənin monumental xarakterini yüksək tonlarda, xüsusi dərin duyğu ilə əks etdirir. Burada həm sevinc, həm də lirik qüssə sanki bir-birinə qovuşmuşdur.

Zəfəri geniş xalq şənliyi kimi əks etdirən parlaq simfonik əsərlərdən biri – Əməkdar incəsənət xadimi, professor C.Allahverdiyevin “Qələbə uvertürası”dır. Qələbə ruhu artıq əsərin ilk xanələrindən özünü bildirir. Belə ki, zərblilərin tremoloları fonunda mis nəfəslilərin “fortissimo” səslənmədə fanfar çağırışları ilə başlayan giriş, sanki, xalqın böyük bir qələbə şənliyinə toplanmasını ifadə edir.

Müasir Azərbaycan bəstəkarlarının Zəfər mövzusuna həsr etdikləri simfonik musiqi əsərlərindən Əməkdar artist V.Camalzadənin “Qələbəyə gedən yol” kompozisiyası orijinal həlli ilə diqqəti cəlb edir. 44 günlük Vətən müharibəsi qazisi, torpaqların azadlığı uğrunda gedən döyüşlərin canlı şahidi V.Məmmədzadənin “Dəmir yumruq” kompozisiyası da zəfər mövzusuna fərdi münasibətin təzahürüdür.

“Zəfərə həsr olunan” toplunun III cildi, Azərbaycan bəstəkarlarının səs və simfonik orkestr üçün nəzərdə tutulan əsərlərindən təşkil olunmuşdur. Bunlardan Əməkdar incəsənət xadimi E.Dadaşovanın tenor və simfonik orkestr üçün “Döyüş cəngisi”, Xalq artistləri V.Allahverdiyevin tenor, qarışıq xor və Böyük simfonik orkestr üçün “Vətən torpağı” odası və A.Səmədzadənin Səs, xor və Böyük simfonik orkestr üçün “Ey türk!”, A.Zahidin tenor, xor və simfonik orkestr üçün “Qalib sərkərdəsi Azərbaycanın!”, L.Cəfərovanın tenor, xor və simfonik orkestr üçün “Zəfər marşı”, F.Fətullayevin qiraətçi, xor və simfonik orkestr üçün “Qədim torpaq” kantatası, N.Nağıyevanın xanəndə, xor və simfonik orkestr üçün “Qarabağa gedirəm” poeması, T.Məmmədlinin tenor, zərb alətləri, bas gitara və simfonik orkestr üçün “Zəfər müjdəsi” adlı orijinal kompozisiyalarını xüsusi qeyd etmək lazımdır.

Şübhəsiz, bəstəkarlarımız öz yaradıcılığında bu mövzuya çox sayda əsərlər bəstələmişlər. Bunların hamısını bir topluya daxil etmək qeyri-mümkündür. Belə ki, bu simfonik əsərlər arasında topluya daxil olmayan, lakin ötən il Mədəniyyət Nazirliyinin keçirdiyi Zəfərimizin 5 illiyinə həsr olunan müsabiqənin laureatı, Əməkdar incəsənət xadimi, professor M.Umudovun “Böyük qayıdış” əsəri böyük maraq doğurur.

Beləliklə, Böyük Zəfərin əldə edilməsindən keçən 6 il ərzində bəstəkarlarımız “Şanlı Zəfərə” həsr olunan yeni əsərləri ilə musiqi mədəniyyətimizi qələbə, qəhrəmanlıq və vətənpərvərlik ruhu aşılayan yeni və aktual məzmunla zənginləşdirmişlər. Tarixi əhəmiyyət kəsb edən bu əsərlər müstəqil müasir Azərbaycan musiqi mədəniyyətinin inkişafına təkan verən və Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin proqram xarakterli istiqamətini göstərdiyinə görə xüsusi dəyərə malikdir.

Akif QULİYEV,
Əməkdar incəsənət xadimi, professor,
Əfsanə BABAYEVA,
sənətşünaslıq üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью