Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
ABŞ ötən həftə İtaliyaya müraciət edərək Prezident Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisçi üzvü olmağı təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, ABŞ diplomatik kanallar vasitəsilə İtaliyanın Baş naziri Corcia Meloninin ofisinə və Xarici İşlər Nazirliyinə müraciət edərək, Qəzza sektorunda sabitliyin təmin olunması məqsədilə yaradılması planlaşdırılan beynəlxalq qüvvələrə Romadan dəstək istəyib.
Mənbələrin bildirdiyinə görə, təklif çərçivəsində İtaliya beynəlxalq qüvvələrə hərbi kontingent göndərməyəcək. Bunun əvəzində ölkə Qəzzada gələcək polis strukturunun hazırlanması öhdəliyini üzərinə götürməli və əsasən öz siyasi təsir imkanlarından – ərəb ölkələri, İsrail və Fələstinlə əlaqələrindən – istifadə etməli idi.
Lakin İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampın dəvətini rədd edib.
O, Sülh Şurasının mövcud strukturunun İtaliya Konstitusiyasına zidd olduğunu bildirib.
Meloninin sözlərinə görə, Şuranın nizamnaməsi ölkənin hüquqi sistemi ilə uyğun gəlmir və Roma bu mövqeyini artıq Vaşinqtona çatdırıb. Baş nazir qeyd edib ki, mövcud problemlər aradan qaldırılarsa, İtaliya gələcəkdə Sülh Şurasında iştirak məsələsinə yenidən baxa bilər.
Almaniya da Sülh Şurasının hazırkı formatda fəaliyyətinə qoşulmaqdan imtina edib. Bu barədə Almaniya kansleri Fridrix Merts yanvarın 23-də Romada İtaliyanın Baş naziri ilə keçirdiyi birgə mətbuat konfransında açıqlama verib.
Kanslerin sözlərinə görə, bir neçə həftə əvvəl o, Donald Trampla Almaniyanın Qəzza sektorunda sülh razılaşmalarına nəzarət edəcək bir qurumda iştirakı imkanlarını müzakirə edib. Lakin hazırkı formada Şuranın idarəetmə strukturları, o cümlədən Almaniyanın konstitusiya hüququ baxımından qəbuledilməzdir.
Bununla belə, Almaniya ABŞ-la yeni əməkdaşlıq formatlarını müzakirə etməyə hazır olduğunu bildirib. Berlinin mövqeyinə görə, bu cür formatlar Qəzza sektoru, Yaxın Şərq və Ukrayna da daxil olmaqla müxtəlif regionlarda sülhün möhkəmləndirilməsinə töhfə verə bilər.
Bizim.Media