Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
İtaliyada sağlarla rəqabət dərinləşir
Bu yaxınlara qədər Corcia Meloni Avropadakı həmkarlarına göstərməyə çalışırdı ki, o, hakimiyyətə gələndə haqqında deyilənlərin əksinə olaraq, kifayət qədər praqmatik baş nazirdir. Lakin İtaliyada seçkilər yaxınlaşdıqca və ifrat sağ düşərgədə yeni oyunçular ortaya çıxdıqca Meloninin siyasi kursunda bir sıra dəyişiklər müşahidə olunmağa başlayıb.
Bu dəyişikliklərin aydın nümunəsi Seuta böhranı zamanı müşahidə olundu. Fransa və digər ölkələr sərhəd nəzarətini gücləndirməklə kifayətləndiyi halda, Meloni hökuməti məsələni siyasi müstəviyə çıxardı və İspaniya ilə sərhəd rejimini sərtləşdirdi. Belə olan halda İspaniyadan gələn sərnişinlər İtaliya hava limanlarında ayrıca yoxlamalara cəlb olunmağa başladılar. Roma bunun müvəqqəti addım olmadığını da nümayiş etdirdi. Baş nazirin ofisi tədbirlərin avqustun ortalarınadək qüvvədə qalacağını açıqladı.
Maraqlıdır ki, Meloninin açıqlamalarında seçki ritorikasının izləri açıq görünür. O, qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə geri addım atmayacağını vurğulayır, komandasının üzvləri isə İspaniya hökumətini sərhədlərə nəzarəti itirməkdə günahlandırırlar. Əslində bu sərt bəyanatların arxasında xarici siyasətdən daha çox daxili siyasi hesablar dayanır. Meloni yaxşı bilir ki, onun ənənəvi seçici bazası məhz miqrasiya və milli təhlükəsizlik mövzularına həssas yanaşan elektoratdan ibarətdir. Həmin elektorat uğrunda isə indi yeni rəqib mübarizə aparır. Söhbət keçmiş general, hazırda isə Avropa Parlamentinin deputatı Roberto Vannaççidən gedir.
Sorğular göstərir ki, Vannaççinin rəhbərlik etdiyi “Milli gələcək” partiyası qısa müddətdə İtaliya siyasətinin əsas “sürpriz güc”lərindən birinə çevrilib. Partiya artıq hakim koalisiyanın üzvü olan “Liqa”nı geridə qoyub, “Forza Italia” ilə arasındakı fərqi isə azaldıb. Bu isə Meloniyə aydın mesaj verir ki, sağ cinahdakı rəqabət artıq müttəfiqlərin əvəzinə, özündən də sağda dayanan qüvvələrlədir. Ona görə də baş nazirin son addımları gələn ilin seçki kampaniyasına verilən “start” siqnalı kimi görünür.
ARAYIŞ: Sərt millətçi mövqeyi, miqrasiya əleyhinə çıxışları və mübahisəli açıqlamaları ilə son illər İtaliya siyasətində diqqət çəkən Vannaççi ənənəvi dəyərlərin qorunmasını, qeyri-qanuni miqrasiyaya qarşı daha sərt tədbirlərin görülməsini və milli suverenliyin gücləndirilməsini müdafiə edir. Onun rəhbərlik etdiyi “Milli gələcək” partiyası son rəy sorğularında sürətlə yüksələrək İtaliyanın sağ siyasi düşərgəsində yeni güc mərkəzi kimi ortaya çıxıb. Vannaççi Ukraynaya hərbi yardıma və müdafiə xərclərinin artırılmasına skeptik yanaşması ilə də fərqlənir. Məhz bu mövqeləri onu Baş nazir Corcia Meloni üçün həm potensial müttəfiqə, həm də təhlükəli siyasi rəqibə çevirir.
Diqqətçəkən digər məqam odur ki, Meloninin ətrafı baş nazirin Vannaççinin yüksəlişindən narahat olduğu və buna görə daha sərt mövqeyə keçdiyi iddialarını qəbul etmir. Baş nazirin ən yaxın siyasi silahdaşlarından biri, Avropa Mühafizəkarlar və İslahatçılar qrupunun həmsədri Nikola Prokaççiniyə görə, problem Meloninin ətrafında yaradılan siyasi obrazdadır. Hakimiyyətə gələndə irqçi, ksenofob və hətta faşist kimi təqdim olunan siyasətçinin əslində həmin təsvirlərə uyğun gəlmədiyini göstərmək üçün 4 il kifayət edib.
Yeri gəlmişkən, hazırda Meloninin qarşısındakı ən mürəkkəb sınaq Ukraynadır. Çünki mübahisə İtaliyanın geosiyasi istiqaməti ilə əlaqəlidir. Vannaççi də, koalisiyanın digər tərəfdaşı olan “Liqa” da Moskva ilə daha yumşaq münasibətlərin tərəfdarıdır. Onlar Kiyevə hərbi yardımların davam etdirilməsinə skeptik yanaşır, Avropada müdafiə xərclərinin artırılmasını lazımsız hesab edirlər.
Meloni isə beynəlxalq arenada özünü Ukraynanın ən sadiq tərəfdarlarından biri kimi təqdim edir. Lakin daxili siyasi reallıq onun manevr imkanlarını məhdudlaşdırır. Elə buna görə də İtaliyanın Ukraynaya ayırdığı yardım həcmi Avropanın aparıcı dövlətləri ilə müqayisədə kifayət qədər geridə qalıb. Roma, həmçinin ABŞ-ın Kiyevə yeni hərbi öhdəliklərdən geri çəkilməsindən sonra NATO çərçivəsində yaradılan bəzi müdafiə təşəbbüslərinə də qoşulmayıb.
Florensiya Universitetinin professoru Marko Tarçinin fikrincə, Meloni ilə Vannaççi arasındakı həqiqi siyasi sərhəd məhz burada başlayır. Onun qənaətinə görə, miqrasiya, milli kimlik və təhlükəsizlik kimi mövzularda tərəflər arasında ciddi ideoloji uçurum yoxdur. Bu sahələrdə görünən fərqlər daha çox seçki taktikasının və siyasi marketinqin məhsuludur. Başqa sözlə, İtaliya sağının iki əsas siması bir çox məsələdə eyni seçiciyə müraciət edir və eyni narahatlıqlardan bəhs edir.
Bununla belə, Meloninin komandası gələcəkdə Vannaççi ilə əməkdaşlıq qapısını tam bağlamır. Onların əsas şərti xarici siyasətdə İtaliyanın hansı düşərgədə yer alacağıdır. Əgər Vannaççi ölkənin istiqamətini Moskva, Pekin və Tehran xəttinə çevirmək istəsə, bu ittifaq mümkün görünmür. Yox, əksinə o, özünü Qərb ittifaqının, liberal demokratların və Avroatlantik məkanın bir hissəsi kimi təqdim etsə, mövcud rəqabət siyasi əməkdaşlığa çevrilə bilər.
Nəzrin ELDARQIZI
XQ