Məmmədbəylidə qayıdış təntənəsi

03.02.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

26 ailənin yurd həsrətinə son qoyuldu

Zəngilan rayonunun yenidən qurulan Məmmədbəyli kəndinə doğru hərəkət edən köç karvanında yalnız insanlar deyil, illərin nisgili, yarımçıq qalmış arzular və göz yaşına qarışmış sevinc də ayaq açmışdı. Kəndə 142 nəfərdən ibarət 26 ailə köçürüldü. Yeni evlərin açarları təqdim olunarkən sevincdən titrəyən əllər, dolan gözlər yeni bir gələcəyə yol almışdı.

Hazır kənddə 178 ailə olmaqla 898 nəfər yaşayır. Respublikanın müxtəlif bölgələrində – yataqxanalarda, sanatoriyalarda, inzibati binalarda müvəqqəti məskunlaşan ailələr Böyük Qayıdış Proqramı çərçivəsində öz evlərinin qapısını açır. Kəndə qədəm qoyan hər kəs torpağı sanki bağrına basır. Kimisi uşaq vaxtı oynadığı yerləri axtarır, kimisi də gözünü bir nöqtəyə dikərək dünyasını dəyişmiş valideynlərini xatırlayır. 

Evlərdə günəş panelləri quraşdırılıb, su və qaz çəkilib, yüksəksürətli internet şəbəkəsi yaradılıb. Kənddaxili yollar asfaltlanıb. Məmmədbəyli kəndi Ağalı kəndinə çox yaxın məsafədə yerləşdiyindən iqtisadi səmərəliliyin təmin olunması məqsədilə bu yaşayış məntəqələrini birləşdirən keçid inşa edilib. 360 şagird yerlik Ağalı kənd tam orta məktəbindən, 60 yerlik uşaq bağçasından, ailə sağlamlıq mərkəzindən, məişət xidməti obyektindən, xidmətlər mərkəzindən, aptekdən, bazar kompleksindən və digər qeyri-yaşayış təyinatlı obyektlərdən istifadənin rahatlığı təmin edilib.

İlk həmsöhbətim kənd sakini Nərminə Bağırova oldu. Qırx il kənd məktəbində ingilis dili müəllimi kimi çalışan, hazırda isə icra nümayəndəsi olan Nərminə xanımın səsində həm müəllim təmkini, həm də doğma yurda qovuşmağın həyəcanı sezilir. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilən Nərminə xanım doğma kəndinə ilk qayıdanlardan biri olmaqdan qürur duyduğunu bildirdi.

Şəhid anası Əminə Nuriyevanın sözləri isə hər kəsi kövrəldir. Oğlu Nurəddin Nuriyev 1994-cü ilin yanvarında Vətən uğrunda canından keçib. Əminə ana deyir ki, torpaqlarımız azad edilən gün ilk yolu Bakı Hərbi memorial qəbiristanlığına düşüb: “Getdim oğlumun məzarını ziyarət etdim. Dedim, ay bala, sənin uğrunda şəhid olduğun torpaqlar artıq azaddır…”. Qəhrəman ana bu gün həmin torpaqlarda, təhlükəsiz, işıqlı və isti evində yaşayır. Hiss olunur ki, illər boyu gözlərinə hopmuş  kədər artq yerini sakit bir rahatlığa verib.

Birinci Qarabağ müharibəsinin veteranı Famil Xankişiyevlə söhbətimiz bizi illər öncəyə – 1992–1993-cü illərin ağır döyüş günlərinə apardı. Xatirələr acı olsa da, qələbənin şirinliyi tamam başqa bir hissdir. O, 1993-cü ildə Şayıflı kəndində daxili qoşunların kazarmasında hərbçilərin iştirakı ilə keçirilən Biləsuvar rayonundan olan əsgərin toy mərasimini xatırladı. Famil söhbət əsnasında Məmmədbəylidəki yeni mənzilinin şəraitindən razılığını da bildirdi. 

Polisdə çalışdığı 1993-cü ilin oktyabr ayında dördüncü dəfə ağır yaralandığından Araz çayını keçərək müalicə üçün İrandan Bakıya  helikopterlə gətirilən qazi Zakif Abbasovun həyətində sanki həyat yenidən “cücərir”. İgid döyüşçü bu gün kürəyində silah yox, əlində bel tutub. Dövlət başçısının kənd sakinləri ilə görüşündə dediyi sözləri xatırlayaraq dedi: – Biz kəndi yaşıllıq məkanına çevirməliyik. Bu səbəbdən də qısa vaxt ərzində 12 sot torpaqda 160 ağac əkmişəm. Çünki hər ağac qurub-yaratmaq əzminin, qələbəyə inamın rəmzidir.

Əhliman Ərşadlı isə ailəsi ilə birlikdə beş otaqlı rahat evinə köçüb. Uzun illər teatr səhnəsində çalışan həmsöhbətim üçün bu qayıdış həyatının ən böyük tamaşasıdır. Prezident İlham Əliyevlə kənddə keçirilən görüşü isə ömürlük xatirə adlandırır.

Məmmədbəyli kəndi yaddaşın, qürurun, səbrin və qayıdışın ünvanıdır. Burada hər evdə bir hekayə, hər baxışda isə Vətənə və dövlətə sədaqət var.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri
Zəngilan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью