futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Şamaxı” Misli Premyer Liqasının V turunda “Sumqayıt”la heç-heçə edib (1:1).
“Şirlər” bu mövsüm çempionatda 5 matçda 1 qələbə qazanıb, 3 dəfə bərabərə qalıb. Aktivində 6 xal olan bölgə təmsilçisi 12 komanda arasında 7-cidir.
“Şamaxı”nın futbolçusu Oruc Məmmədov komandanın çıxışı ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Sumqayıt səfərindən bir xalla döndünüz. Nəticələri necə şərh edərdiniz?
– “Sumqayıt” yaxşı komandadır. Bu mövsüm qələbə qazana bilməsələr də, hər rəqibə çətinlik yarada bilirlər. Belə səfərlər həmişə çətin keçir. Oyuna pis başlamadıq, lakin birinci hissədə fərdi səhvdən qol buraxdıq. Buna baxmayaraq, yekunda matçdan xalla ayrılmağı bacardıq. İkinci hissədə şanslarımız olsa da, dəyərləndirə bilmədik.
– Bu mövsüm 5 turda 1 qələbə qazanmısınız. Nəticələri qənaətbəxş hesab edirsiniz?
– Bütün matçları səfərdə keçirmişik. Bunun da öz təsirləri var. Fikrimcə, pis oyun göstərmirik, rəqiblərə çətinlik yaradırıq. “Sumqayıt”la matçda qələbə də qazana bilərdik, ancaq olmadı. Ümumi götürəndə, nəticələrimizi qənaətbəxş hesab edirəm. İnşallah, bundan da yaxşı olacağıq.
– Növbəti turda azarkeşləriniz önündə “Araz-Naxçıvan”la qarşılaşacaqsınız. Qələbə qazanmaq mümkün olacaq?
– Çoxdandır, Şamaxıda oynamırıq. Azarkeşlərimiz üçün darıxmışıq. İnanıram ki, onlar da bizim üçün darıxıb. Qayıdışımızla doğma tribunaları qələbə ilə sevindirmək istəyirik.
– Qarşıdan milli komandaların oyunlarına görə fasilə olacaq. Bunun sizin üçün faydalı olduğunu düşünürsünüz?
– Bəzən belə fasilələr komandaları ritmdən salır. Ancaq düşünürəm ki, mental və fiziki baxımdan bizim üçün faydalı olacaq. Toparlanıb daha da yaxşı oynamağa və xallar qazanmağa çalışacağıq.
– Millinin qarşıda Millətlər Liqası matçları var. Yığmadan dəvət gözləyirsiniz?
– Millidə oynamaq hər futbolçunun xəyalıdır. Dəvət alıb-almayacağımı bilmirəm. Hər gün çox çalışıram ki, hədəflərimə çatım, yığmaya düşə bilim.
Şahin Cəfərov