Məmmədov: “Digər məsələlər mənə maraqlı deyil” (MÜSAHİBƏ)

25.02.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Neftçi”nin futbolçusu Murad Məmmədovun “Futbolpress.az” saytına müsahibəsi:

– Son turda “Sumqayıt” üzərində minimal hesablı (1:0) qələbə qazandınız. Görüşlə bağlı fikirlərini bildirərdin…
– Bizimçün önəmli qələbə idi. Rəqib müdafiə futbolu oynayırdı və hava şəraiti əlverişsiz idi. Buna baxmayaraq, tapşırığın öhdəsindən gəldik və qələbə qazandıq. Buna layiq idik.

– “Sumqayıt” cəbhəsi son dəqiqələrdə qol vurduğunuz penalti epizodunu haqsız sayır…
– Hakim mənim epizoduma baxsaydı, əminəm ki, penalti təyin edərdi. Bundan başqa, Ağadadaşın da epizodunda müdafiə onun ayağına zərbə endirmişdi. Fikrimcə, penalti düzgün qərar idi.

– Komanda son 5 rəsmi oyunda 4 qələbə qazanıb. Fasilədə nə dəyişdi ki, belə seriya yaxaladınız?
– Toplanışımız yaxşı keçdi. Fiziki durumumuzu da bərpa etmişik. Həqiqətən, əla kollektivimiz var və atmosfer əladır. Bu, vacib şeydir.

– “Qarabağ”la oyunda sizdən gözləntilər böyük idi, amma minimal hesabla uduzdunuz. Oyun psixoloji gərginlik yaratmadı?
– Nəticəyə görə məyus olduq. “Qarabağ”ı məğlub edə bilərdik. Bu cür oyunlar bizi gücləndirəcək və daha yaxşı yerlərə gətirəcək.

– Qarşıda Kubokda “Kəpəz” ilə cavab oyunu var. Bu rəqiblə daha sonra çempionatda üz-üzə gələcəksiniz. Kubokda olan üstünlüyünüzə görə (red-ilk oyun “Neftçi” 2:0 hesabıyla qalib gəlib) bu matçı çempionata hazırlıq hesab etmək olar?
– Düzdür, üstünlüyümüz var, amma hələ heç nə bitməyib. Oyuna ciddi hazırlaşırıq. Hər oyun kimi bu matçda da qələbə üçün çalışacağıq. Kubok bizim üçün çox önəmlidir. Bu oyundan sonra çempionata köklənəcəyik.

– Qazanılan xallar sizi turnir cədvəlinin 5-cisi “Sabah”a yaxınlaşdırıb. Avrokubok arzusu yenidən canlanıb?
– Məqsədimiz yaxşı nəticə əldə edib, komandanı Avropada təmsil etməkdir. İnanıram ki, buna nail olacağıq. Bizi qarşıda vacib oyunlar gözləyir.

– Premyer Liqada yeni mövsümdə legioner limiti ləğv ediləcək. Yerli və gənc oyunçu kimi bu qərar səni narahat etmir?
– Hazırda bu haqda düşünmürəm. Mövsüm davam edir və əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Digər məsələlər mənə maraqlı deyil. Hazırda inkişafımı düşünürəm.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью