Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot 2026” turnirində pley-off mərhələsinin ilk oyun gününü qələbə ilə başa vurub.
İdman.Biz xəbər verir ki, qrossmeysterimiz 13-16-cı yerlər uğrunda mübarizədə ABŞ-ni təmsil edən Levon Aronyana qarşı gün ərzində keçirilən yeddi partiyanın yekununda 11:9 hesabı ilə üstün olub.
Məmmədyarov blitsdə ilk partiyanı qazansa da, sonrakı üç görüşdə məğlub olub. Bununla da həmin hissəni 1:3 hesablı geriliklə tamamlayıb.
Rapid partiyalarında isə təmsilçimiz bir heç-heçə və bir qələbə əldə edib. Bu növdə qələbənin dörd, heç-heçənin iki xalla qiymətləndirilməsi sayəsində Şəhriyar ümumi hesabda 7:5 önə keçib.
Günün sonuncu, sürətli klassika partiyası heç-heçə başa çatıb. Hər iki şahmatçının hesabına dörd xal əlavə olunub və Məmmədyarov ilk günün qalibi olub - 11:9. Total Chess
Qarşılaşma noyabrın 18-də davam edəcək. İkinci gündə də dörd blits, iki rapid və bir sürətli klassika partiyası keçiriləcək. Gündəlik xallar ayrıca hesablanır.
Məmmədyarov ikinci günü qələbə və ya heç-heçə ilə başa vursa, 13-14-cü yerlər uğrunda görüşə vəsiqə qazanacaq. Aronyan ikinci günün qalibi olarsa, qarşılaşmanın taleyi armageddon partiyasında həll ediləcək.