Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Vəzifəli şəxslərin özlərinin və yaxınlarının şəxsi maraqlarına toxunan məsələlərdə qərar qəbul etməsinə məhdudiyyət qoyulması təklif edilir.
Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən birgə iclasında müzakirə olunan “Maraqlar toqquşması haqqında” qanun layihəsində yer alıb.
Sənədə görə, vəzifəli şəxs şəxsi marağına toxunan məsələ üzrə hüquqi və inzibati aktların hazırlanmasında və qəbulunda, müqavilələrin bağlanmasında, nəzarət və yoxlama tədbirlərində iştirak edə bilməyəcək. Kollegial qurumun üzvü olan məmur belə məsələ müzakirəyə çıxarılanda qurumu əvvəlcədən məlumatlandırmalıdır.
Maraqlar toqquşmasının qarşısını özü ala bilməyən vəzifəli şəxs bu barədə dərhal, mümkün olmadıqda isə ən gec üç iş günü ərzində yazılı məlumat verməlidir. Məsələ araşdırılan müddətdə həmin iş üzrə xidməti vəzifələrinin icrasını müvəqqəti dayandırması nəzərdə tutulur. Tədbir görülməzsə, məmurun müvafiq işdən kənarlaşdırılması və ya başqa vəzifəyə keçirilməsi mümkün olacaq.