Məmur övladları ilə bağlı müzakirə Deputatdan sərt mesaj

24.11.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Razi Nurullayev dövlət qurumlarında kadr təyinatları və vəzifə yüksəlişlərində obyektivlik və ədalət prinsiplərinin qorunmasının vacibliyini bildirib. Bəzən bir şəxsin vəzifəyə təyin olunmasının onun yaxınlarının, dostlarının və tanışlarının da karyera yüksəlişinə yol açdığını deyən parlamentari bu halda həmin qurumda illərlə çalışan təcrübəli əməkdaşların sıxışdırıldığını və işdən ayrılmağa məcbur qaldığını diqqətə çatdırıb.

"Yeni Sabah" xəbər verir ki, deputatın sözlərinə görə, dövlət qurumlarının rəhbərləri işə qəbul və vəzifə artımı zamanı şəxsi tanışlıqlara deyil, vətəndaşların bilik və bacarıqlarına üstünlük verməlidirlər. Məsələnin məmur övladının vəzifəyə təyin olunmasında deyil, onun həmin posta öz biliyi ilə, yoxsa qohumunun səlahiyyətlərindən istifadə etməklə gəlməsində olduğunu vurğulayan R.Nurullayev qanunun cəmiyyətdə formalaşmış yanlış stereotiplərin aradan qaldırılmasına xidmət etməli olduğunu qeyd edib. O bildirib ki, valideyn övladına yaxşı təhsil vermək barədə düşündüyü qədər onu işə düzəltmək üçün vasitəçi axtarmamalı, gənclər isə vəzifəyə yalnız öz bilik və zəhmətləri hesabına yiyələnməlidirlər.

Qohumbazlığın təkcə iqtisadi deyil, həm də ciddi mənəvi və psixoloji fəsadlar yaratdığını söyləyən parlamentari haqqı tapdalanan insanların ədalətə və gələcəyə inamının azaldığını, bacarıqlı mütəxəssislərin isə ruhdan düşərək ölkəni tərk etmək barədə düşündüklərini vurğulayıb. Online alış-veriş

Maraqlar toqquşmasının yalnız qanunsuz gəlir əldə etməklə məhdudlaşmadığını deyən R.Nurullayev şəxsi münasibətlərə görə insanların qanuni imkanlardan məhrum edilməsinin də bu kontekstdə qiymətləndirilməli olduğunu bildirib. Dövlət məmurunun həm dostuna, həm də rəqibinə eyni qanun çərçivəsində yanaşmalı olduğunu vurğulayan deputat qanun qəbul etməklə yanaşı, idarəçilik fəlsəfəsinin də dəyişməli olduğunu və vəzifəli şəxslərin öz səlahiyyətlərindən yaxınlarının irəli çəkilməsi üçün deyil, xalqın problemlərinin həlli naminə istifadə etməli olduqlarını diqqətə çatdırıb.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью