Mən bu qadınların qarşısında baş əyirəm!

30.01.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropadayam, çox sevdiyim və tez-tez getdiyim şəhərdə. Bu gün qəfil hiss elədim ki, elə hey gülümsəyirəm. Hara baxıramsa, kimi görürəmsə, gülümsəyirəm...

Qeyri-adi nəsə baş verməmişdi. Xüsusi bir səbəb yox idi, sıradan bir gündü. Amma... İçimdən gəlirdi, gülümsəyirdim - tanış olduğum, söhbət etdiyim, sual verdiyim, söz soruşduğum hər kəsə. Küçədə tanımadığım insanlara, restoranda və kafedə ofisiantlara, mağazalarda satıcılara. Hətta zarafat da edirdim...

Avropalıların adi etiket rutinidir gülümsəmək - sıradan, soyuq... Mənim təbəssümümsə səmimiydi, sidq ürəkdən idi. Ən önəmlisi, rahat idim, sıxılmırdım, utanmırdım, çəkinmirdim, gərgin deyildim. Bütün narahatlıqlardan arınmış kimi yüngül idim...

Hiss edirdim ki, ünsiyyətdən zövq alıram - mehriban baxışdan, nəzakətli səsdən, sadə bir “salam”dan, insanın insanla mədəni təmasından. Sən gülümsəyirsən, onlar qarşılıq verirlər - yəqin ki, onlarçün gündəlik, fərqində olmadıqları rutin, amma sənin üçün huzurun, bəxtəvərliyin və xoşbəxtliyin yeni bir şəkli...

Sonra xatırlayıram: əvvəllər belə deyildim, belə gülümsəyə bilmirdim. Bəzən heç təbəssüm yadıma düşməzdi. Ən sevincli anlarda da, ünsiyyət norması, etiket kimi əhəmiyyətli, vacib məqamlarda da. Sanki mənə gülümsəməyin, qayğısızlığın dərsini keçməmişdilər, öyrətməmişdilər...

Uşaqkən də...

Yeniyetməykən də...

Gənclik illərində də...

Sanki çiyinlərimdə ağır yük vardı. Həmişə yorğun və qaşqabaqlı idim. Bəzən səbəbli, bəzən səbəbsiz. Gülümsəyə bilmirdim. Elə bil içimdə görünməz-bilinməz bir əyləc vardı. O gözəl duyğuları sıxırdı, saxlayırdı, gizlədirdi...

İndi özümdən soruşuram: niyə?

O qədər səbəb sayaram ki...

Keçmişdə keçmişdən gələn komplekslər, travmalar, çəkingənliklər, utancaqlıqlar, qorxaqlıqlar vardı...

Qız, qadın olmağın səssiz, amma ağır tabuları vardı - davranışlara hopan klassik qadağalar: “Artıq gülmə”, “Çox danışma”, “Başıaşağı ol”.

Yəni nə olursan ol, özün olma...

Bu saysız-hesabsız "olmaz"lar özünü, özün olmağı unutdurduğu kimi, gülümsəməyi də, gülümsəyərək günəş kimi parlamağı, parıldamağı, işıq saçmağı unutdururdu, yadırğadırdı, tərgitdirirdi. Gözəl baxmaq, gözəl gülümsəmək vərdişə, həyat tərzinə, etiketə çevrilmirdi.

Səbəb yalnız mentalitet idimi? Çağdaş dünya bizi “X nəsli” adlandırır. Bu nəslin başına nələr gəldi, gətirildi? - oğurlanmış uşaqlığımız, yeniyetməliyimiz, gəncliyimiz. Nələr görmədik; münaqişə, inqilab, müharibə, yeni ictimai-siyasi formasiyaya keçid, suverenlik, vətən anlayışının VƏTƏN anlayışına çevrilməsi, 20 Yanvar, işğal, qaçqınlıq, köçkünlük, ümidsizlik, Xocalı, şəhidlik, əsirlik, girovluq, insan qalmaq çabası, həyatda qalmaq çabası, planet, dünya və axirət, həyatın sonu və sonsuzluğu...

Bitib tükənməyən təsəvvürlər... Qorxu filmlərinin yaratdığı kimi təlaş, çaşqınlıq, anlaşılmazlıq... Xəyallar və gerçəklər...

Bir gün ayıldıq ki, inandığımız şeylərə əslində inanmamalı imişik, inanmalı olduğumuz inanclar toplusu isə dünyanın özü boyda, miqyassız, zehnimizin asanlıqla alqılayamayacağı bilgilər... Nəhəng bir informasiya bankı ilə üz-üzəyik. Onları zehnimizə, şüurumuza, şüuraltımıza oturtmaq, yükləmək, yerləşdirmək... nə qədər çətindir, məşəqqətlidir, zülmdür. Bir insanın ömrünə yüz insanın ömrünü sığdırmaq kimi... Mümkünsüzü, mümkünsüz görünəni nümkün etməyə can atmaq və sonda həqiqətən mümkün etmək kimi...

Nəql etməsi asan, təhkiyəsi su içimi, amma yaşanması zülm-zillət...

Otuz il - heç kəsə zarafat gəlməsin. Son 30 ilin Azərbaycanında azərbaycanlı olmaq o deməkdi ki, uşaq kimi uşaq ola bilmirsən, həddi-büluğun cilovlanmadığı dönəmi nəinki böyüklərin, heç özünün umrunda deyil. Gənc də ola bilmədin, nə zaman izn verdi, nə mədəniyyət, nə siyasət. Beləcə ardıcıllıq, davamlılıq pozuldu, yarım, yarımçıq qaldın - uşaqlıqdan da, yeniyetməlikdən də, gənclikdən də...

Gənc ikən heç rəqs etdimmi? Kinoya getdimmi? Teatra... Teatra resenziya yazmaq üçün getdim. Operaya yazı hazırlamaq üçün getdim. Yazı yazdım – pul qazanmaq, maaş almaq üçün. Özümü yazmadım, öz hekayəmi qələmə almadım, vaxt olmadı. Diskotekaya getmədim, əylənmədim, bunları düşünməyə, arzulamağa, planlamağa belə vaxtım olmadı...

İndi 50 yaşındayam, amma böyüməmişəm sanki, içəridə - qəlbimin bir hücrəsində hələ də balaca bir qız var; ürkək, utancaq, böyümək istəyən...

Bunları indi çox böyük şövqlə üzlərinə gülümsədiyim əcnəbilərə danışsam, məni anlayarlarmı? Mənəvi zorakılıq nədir, bilərlərmi? Müharibənin ortasında uşaq olmaq, yeniyetmə olmaq, daha doğrusu, olmamaq, gənc olmaq, daha dəqiqi, olmamaq nədir, bilirlərmi? Şüşə kimi sındırılıb, çilik-çilik olub insan qalmaq nədir, bilirlərmi?..

Məni anlamaq üçün mənim yaşadığım o məşum 30 ilin (oxu: işğalın) heç olmasa, 30 dəqiqəsini hiss eləmək gərəkdir. Hiss edə bilərlərmi? Mən heç gənc olmadım, yeniyetmə olmadım, desəm, dəlimi sanarlar məni?

Ya da desəm ki, mən hələ də o 13 yaşlı uşağam...

Bəs o hesabla mənim 50 yaşım nə vaxt tamam olacaq, nə vaxt böyüyəcəyəm? Daha 50 il də yaşamalıyammı ki, böyüyüm?..

Yaşayaram. Yaşamaq gözəl işdir, ciddi işdir, məsuliyyətli işdir. 50 ildən sonra bunu anladım.

Yaşamaq müdriklikdir, təcrübədir, qazancdır, qələbədir - sahib ola biləcəyin ən dəyərli nəsnələrdir. Əzilmiş, döyülmüş, qıcqırdılmış üzüm suyunun şəraba çevrilməsi kimi. Yaşamaq təcrübəsi sənə səbr etməyi, gözləməyi təlqin edir. Özünlə barışmaq, özünlə dostlaşmaq bacarığı verir.

“Yaşamaq yanmaqdır...” Məhək daşından adlamaq, daşdan-daşa çırpılmaq, küləkdən küləyə sovrulmaq, yağışda islanıb günəşdə qurumaqdır.

İllər - öyrədir bunları sənə. Öyrənirsən, imtahan verirsən, qiymət alırsan və dəyər(lər)inə dəyər qatırsan...

Səni fərqləndirən, fərqli edən, zərrələrini toplayan, toparlayan budur - həyatın əlifbasını öyrənmək. Yaza bilmək, oxuya bilmək. Yazmaq. Oxumaq...

Öyrənmək ağır prosesdir. Bəzən dözülməz-çəkilməzdir. Amma həm də gözəldir, çox gözəldir. Çünki səni dəyişdirir, dərinləşdirir, səssizləşdirir.

Bunları yazarkən onu da başa düşdüyümü hiss edirəm ki, bu gün küçələrini huzurla dolaşdığım, artıq doğmalaşdığım bu şəhərdə o şövqlü gülümsəmə təkcə mənim özümə yox, uzun illər gülümsəyə bilməyən bütün qadınlara aiddir. Bu, hamımızın içimizdə boğduğumuz gülümsəmədir. Susmağa öyrədilənlərin, özünü göstərməsi, mövcudluğu, varlığı qadağan edilənlərin, "olmaz”larla böyüdülənlərin üzündə, qəlbində, ruhunda sönən, söndürülən təbəssümdür...

Bəlkə də həyatın öyrətmək istədiyi həqiqət elə budur: azadlıq verilmir, alınır. Bəlkə illərlə çarpışmaq, ən ümidsiz anlarda da inanmaq, ən yorğun məqamda da güc toplamaq, ayaqda durmaq, dura bilmək erudusiyası gərəkir.

Qadın - öz qorxularını tanıyıb onları arxada qoyanda başlayır onun azadlığı (oxu: gücü).

Mən çadrasını başından atan bütün qadınların – azadlığı (oxu: itaətkarlıqdan, mütilikdən arınmağı) seçən bütün qadınların - qarşısında baş əyirəm!

Azadlıq - nemətdir. Öp, qoy gözünün üstünə, qəlbinin ən qəlbi yerinə, ruhunun ən isti, günəşli guşəsinə...

Gülümsəmək - cəsarətdir. Özünü tanımaq, qəbullanmaqdı. Özünü sevməkdir! Özünü sevmək - böyüməkdir. Özünü ən birinci sıraya, ilk yerə qoymaqdlr. Yəni öncə Sən. Sonrası sonra. Qalanı sonra. Bu xudbinlik deyl, qeyri-təvazökarlıq heç deyil. Bu, illərlə fərqinə varmadan yarımçıq qoyduğun, qıymadığın, əlindən yerə saldığın, əyilib qaldırmadığın, gözünün yaşını silmədiyin, saçına sığal çəkmədiyin ömründü, yaşaya bilmədiklərindi. Özünü olduğun kimi, necə varsansa, qəbul et. Bu, sənun səssiz dəyişimin, çevrilişin, inqilabındır. Bu, sənin haqqındır - sakit, hay-küysüz, amma mükəmməl, fövqəladə.

Dizini qoy yerə, özünə Eşq elan et! Bu etirafa ehtiyacın var. De ki, səni sevirəm, çox sevirəm, ilk tanışlığımızdan...

Sevgi böyüməyə kömək edir, daha doğrusu sevilmək – özünün özünü sevməyin!

Qadın olmaq lütfdür...

Sevgi ilə uyum saxlamağı, dünyaya uyğunlaşmağı, şükr etməyi, dua etməyi, təşəkkür etməyi gündəlik həyat tərzinə çevirəndə, ruhunu qorumağı, gözəlləşdirməyi, naxışlarını ilmə-ilmə hörməyi, rənglərini səmadan, göydən almağı, qanadlanmağı, pərvazlanmağı, uçmağı rituallaşdıranda möcüzə başlayır. Sənin möcüzələrin başlayır...

Sevmək, sevməyi öyrənmək, sevməyi özünə və hər kəsə təlqin etmək o qədər əsrarəngizdir ki...

Yaşamaq, yarpaqlamaq, tumurcuqlamaq, çiçəkləmək, gülümsəmək... və böyümək - bunlara görə, çox şeyə görə, hər şeyə görə, sağ ol, Tanrı!

Səni çox sevdiyimi bilirsən...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью