Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Vətənin igid oğlu Ramazan Göydağlı oktyabrın 28-də şəhidlik zirvəsinə yüksəlib
44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılarkən, bu möhtəşəm Zəfərin hər qarışında Ramazan Göydağlı kimi vətənpərvər, mərd və cəsur oğullarımızın qanı, canı dayanır. O, Vətənin dar günündə könüllü və ya çağırışla ön cəbhəyə atılmış, düşmənin müqavimətini qıraraq şəhadət zirvəsinə ucalmışdır. Ramazan Göydağlı 4 fevral 1997-ci ildə Culfa rayonunun Kırna kəndində dünyaya göz açıb. "Göydağlı" soyadı ona Ordubad rayonunun Nürgüt kəndindəki Göydağın şərəfinə verilib.
İlk təhsilini 2003-cü ildə Culfa rayon Kırna kənd tam orta məktəbində alan Ramazan 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı ildə hərbi xidməti bitirib və bir sıra fərqli sahələrdə işləməyə başlayıb. O, bu müddət ərzində Azərbaycanda, həmçinin Türkiyə və Qazaxıstanda da müxtəlif işlər üzrə təcrübə qazanıb.
Bir neçə illik iş təcrübəsindən sonra 2020-ci ilin 5 sentyabrında Ramazan Göydağlı MAHHXHQ əsgər olub, bununla da hərbi fəaliyyətinə yenidən başlayıb. Vətən Müharibəsi başlayan vaxt hərbi kursu təzəcə bitirən MAHHXHQ əsgər Ramazan Göydağlı 15 oktyabrdan döyüşlərə və hərbi əməliyyatlara qoşulub. Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda döyüşlərdə döyüş tapşırığını yerinə yetirib. MAHHXHQ əsgər Ramazan Göydağlı Xocalı rayonunun bir neçə kəndi istiqamətində gedən döyüşlərdə də iştirak edib, 28 oktyabr 2020-ci ildə Xocalı rayonunun Çanaqçı kəndi uğrunda davam edən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Ramazan Göydağlı ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.Ramazan müharibənin getdiyi müddətdə yoldaşına son dəfə bu sözləri söyləyib:“Mən bura şəhid olmağa gəlmişəm.”
Sosial şəbəkədə paylaşdığı mesaj da bu yolda canını hər an fəda etməyə hazır olduğunun göstəricisidir.
“Bizi böyük sınaqlar gözləyir. Əgər biz bu sınaqları keçsək, Allahın izni ilə cənnətə gedəcəyik...”
Müşfiq MİRZƏ
XQ