Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Acından ölmək, qürurundan ölmək, yalnızlıqdan ölmək, kədərindən ölmək, susuzluqdan ölmək, kimsəsizlikdən ölmək: nə qədər növü var ölmədən ölməyin - məcazi mənada. Hərə bir cür çəkir dünyanın yükünü.
Məni öldürən mədəniyyətimdir. Həqiqi sözümdür. Kobudluğa, hörmətsizliyə, nadanlığa, tərbiyəsizliyə, pintiliyə, vecsizliyə, mədəniyyətsizliyə və bunun kimi çox şeyə biganə qala bilmədiyim üçün, hörmət etdiyim halda hörmət görə bilməyəndə mədəniyyətimdən utanıram.
Mən başqasının növbəsinə dürtülmərəm, ocaqda yağım daşsa da. Kassaya yaxınlaşıb “bircə bunu alacam, olar keçim?” demərəm, ayaqüstə növbə gözləyənlərin boğula-boğula qalmasından istifadə etmərəm. Yerimi bilərəm, sıramı gözləyərəm. Mən başqasına mane olmaram, vaxt-bivaxt kimisə narahat etmərəm, iş vaxtı bitdikdən sonra kiməsə israrla zəng etmərəm, ailə üzvüm belə olsa xəbərdarlıqsız video-zəng etmərəm, 3 çağrıdan artıq zəngi uzatmaram və bu kimi bir çox xırda görürən, böyük mədəniyyət məsələlərinə diqqət edərəm. Amma gecə saat 00.00-da mənə görüntülü zəng edən kontaktımda olmayan, heç tanımadığım insanlar var.
Mədəniyyətsizliyin ən böyüyü yollarda olur. Yol mədəniyyətdir deyirik halbuki. Piyada sürücüyə hörmət etmir, sürücü piyadaya. İnsafən, sürücü piyadaya nəzərən daha mədəniyyıtlidir, cərimənin qorxusundan, bir də “günah öləndə” olmadığı üçün. Məcburdur. Rəqs meydançasına atılan rəqqas kimi qəfildən yolun ortasına şığıyan piyadanı vurub öldürsə, “əlli-ayaqlı” gedəcəyini bilir çünki. Mədəniyyəti genetik olan sürücü sayı azdır.
İşıqforda dayanıb yaşılı gözləyənlərə dəli kimi baxılan bir zamanda yaşamaq işgəncə deyil sizcə? Ötən həftə Sahil Metrostansiyasının çıxışında işıqforla tənzimlənən yolu П trayektoriyasında keçməyə məcbur qalan bir türkiyəli qadın turistin yanındakı oğlana deyindiyini eşitdim: "ne gerek var ki dolanmaya, direkt geçe bilirdik bence". Mədəniyyətin və mədəniyyətsizliyin ölkəsi olmurmuş demək. Yadımdadır, ölkəmizə işləməyə gələn bir amerikalı müəllimdən müsahibə alanda demişdi ki, məni Azəbaycanda ən çox yoran yollardır, səkinin sağı ilə gedəndə belə kiminləsə toqquşursan. Axı sağ gedənin, sol gələnin yoludur, niyə insanlar öz yolu ilə getmir?
Bir-iki həftə əvvəl bir parkdan keçdi yolum. Yorğun idim, oturub dincəlmək istədim. Oturduğum skamyanın taxtalarının arasında hazır qida qalıqlarının paradı vardı. Tum paketi taxtaların arasından göz vururdu, meyvə suyunun boş qabı ağzının suyunu axıdırdı, çips kağızı qımışırdı, dondurma çöpü gələnə-gedənə ilişirdi, enerji içkisinin bankaları "burdan sizin qapıyadək" misalı düzülmüşdü oturacağın altına. Skamyanın düz yanında isə zibil qutusu vardı - yerindən qalxmadan əlini uzatsan yetəcək yaxınlıqda...
Dünən ictimai nəqliyyatda üzbəüz oturacaqlarda oturan bir qadın qarşı skamyaya ayaqqabılı ayağını uzatdı.
Bəli, bəli.
Oturdu və ayağını elə ayaqqabılı-zadlı qarşı skamyaya qaldırıb qoydu. Xəcalətimdən öldüm. Özüm etmiş kimi. Nəsə deyə də bilmədim. Niyə? Ayağını qaldırıb ora qoyan mənim saçımı yolub əlimə verməzdi o avtobusda? Ya da ömrümdə eşitmədiyim, gün üzü görməmiş söyüşlər söyərdi. Lazımdır mənə?
Keçən həftə metro vaqonunda bir gənc qız maqqaşını-güzgüsünü çıxarıb ədəb-ərkanla qaşını aldı hamının içində. İnanmadım əvvəlcə. Metro-avtobusda makiyaj edəni görmüşdüm, adiləşmişdi, amma qaş alanı ilk dəfə gördüm. Qaş almaq məhrəm prosesdir. Bəlkə kişilər bilməz, qadınlar bilir bunu. Böyüklərin yanında qaş almazdı qadınlar. Abrı olanlar hələ də almır. Yadıma nənəmin babamın yanında saçını daramadığı düşdü.
Sözün bitməmiş ağzından sözünü qapanlar, dinləməyi bacarmayanlar, oturmağını-qalxmağını, yeməyini-içməyini bilməyənlər, nəqliyyatda evindəki divanda otururmuş kimi ağnaya-ağnaya oturanlar, ictimai yerdə biədəb-biədəb danışanlar, nə böyüyün, nə kiçiyin yerini bilənlər, sənin başqalarına hörmət olaraq pıçıltı ilə danışdığın yerdə maksimum səslə videoya baxanlar...
Sizinlə bir cəmiyyətdə yaşamaq işgəncədir.
Elə vaxtlar olur fikirləşirəm, bəlkə də indiki dünyada mədəniyyət insanın özünə qarşı etdiyi ən böyük haqsızlıqdır. Bu qədər mədəniyyətsiz insanın cəmiyyətində, hamının bir-birinin sözünü kəsdiyi yerdə sən dinləyirsənsə, hamının tələsdiyi yerdə sən gözləyirsənsə, hamının “mənə nə?” dediyi yerdə sən utanırsansa, özünə haqsızlıq etmirsənmi?
Kimsə uşağının cinsi orqanını çıxarıb parka işətdirir, sən ölüb yerə girirsən. Əyləncə və oyun parklarında çoxunuz rast gəlmisiniz buna. Mən daha dəhşətlisini görmüşəm. Uşağı məktəbdən götürüb evə qayıdırdım, ikizolaqlı, ikitərəfli yol idi. Qarşıda nəqliyyatın hərəkəti dayandı, mən də əyləci basdım məcbur. Hamı başını çıxarıb yola baxırdı, heç nə görünmürdü. Sonra bir kişi sürücü düşüb qabağa doğru getdi, başını bulaya-bulaya geri qayıtdı və uca səslə dedi: "bir qadın döngədə, elə zolağın ortasındaca maşını saxlayıb uşağının böyük bayırını etdirir yolun kənarına". Təsəvvür edirsiniz? Bilirəm, inanmaq çətindir, amma bu həqiqətdir, biz bunu gördük.
Ən qəribəsi bilirsiniz nədir?
Mədəni insan çox vaxt mədəniyyətsizin yanında özünü çarəsiz hiss edir. Çünki onun səviyyəsinə düşə bilmir. Mədəniyyəti imkan vermir, kobudluğa kobudluqla cavab verə bilmir, boğulur qalır. Əgər cavab versə, özündən utanacaq. Susur, amma o mədəniyyətsizliyə şahid olduğu üçün içində özü-özünü yeyir. O yolda hərəkəti dayandırıb yolu tualet kimi istifadə edən qadına bunu anlada bilərsənmi? Anlamayacaq. "Qanan qanmaza borcludur" deyib bizi çarəsiz buraxıblar zamanında. Mən niyə borclu olmalıyam o ədəbsizliyi edənə?
Qalırsan iki od arasında.
Ya sən də onlar kimi olmalısan, ya da onların arasında öz mədəniyyətinlə əziyyət çəkməlisən.Bəlkə də ona görə mədəniyyət haqqında danışanda onu yalnız insanın üstün keyfiyyəti kimi təqdim etmək düzgün deyil.
Mədəniyyət bəzən yükdür.
Görünməyəni görmək, hiss edilməyəni hiss etmək, hamının adi qəbul etdiyini normal hesab etməmək yükü. Bu yük yorur adamı. Bütün bu yorğunluğa baxmayaraq, içimdəki o mədəni adamı öldürmək istəmirəm. Ona ehtiyacım var. Yoxsa dəli olar adam. Mədəniyyətimin əziyyətini çəkə-çəkə yaşayıram. Əlacsız məmnunam, mədəniyyətsiz yaşamaqdan qorxuram çünki.
Mən mədəniyyətimdən ölürəm.