Mən niyə sonuncu mogikanam?..

03.08.2026

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaşlı adamlar azacıq kövrək, bir az da tərifə meylli olur. Ona görə də sözlərimdə qeyri-təvazökarlıq sezsəniz qüsur bilməyin. 

Həm də 34 il sərasər jurnalistika ilə məşğul olan, demək olar, ölkənin bütün jurnalist mükafatlarını alan adam bircə dəfə qeyri-təvazökarlıq edə bilər, ya yox? Odur, təkrar rica edirəm, üzürlü sayın.

Qərəz, bizim yeni jurnalistikanın bəxti həm də onda gətirmişdi ki, bu sahəyə müxtəlif vaxtlarda üç ixtisasca qeyri-jurnalist gəlmişdi: Zərdüşt Əlizadə ərəbşünas-filoloq idi, Hikmət Hacızadə biofizik idi, mən isə Moskva Universitetinin fizika fakültəsini "astrofizika” ixtisası üzrə bitirmişdim. Sonuncunu ona görə xüsusi qeyd edirəm ki, astrofizikadan–kosmologiyadan fəlsəfəyə "məsafə” bircə addımlıqdır.

Zərdüşt bəy çox gözəl jurnalist idi, ədəbiyyatı, mədəniyyəti gözəl bilir. Bir dəfə müxalifət liderlərinə bir neçə sualla müraciət edilmişdi. Kino ilə bağlı suala tək Zərdüşt bəy cavab vermişdi, digərləri sualı buraxmışdı.

Hikmət bəy də demokratiya tarixini, nəzəriyyəsini çox gözəl bilirdi, onun da ədəbiyyatdan, sənətdən gözəl başı çıxırdı, musiqini gözəl bilir və bunları demokratik proseslərlə gözəl əlaqləndirirdi, çox orijinal yanaşması vardı. Bir dəfə onun "Rock-n-Roll dünyanı necə dəyişdi” adlı mühazirəsinə qulaq asmışdım. Həqiqətən möhtəşəm idi! Belə mühazirəni yalnız, olsa-olsa, Gürcüstanda hazırlaya bilərdilər, çünki gürcülər belə məsələlərdə pərgar idilər, vaxtilə Con Lennon öləndə bu ölkədə matəm elan olunmuşdu. Bizim rəhmətlik Mustafazadənin də, necə deyərlər, bir ayağı Bakıda, biri də Tiflisdə idi. Bir tədbirdə Hikmət bəyin Xəyyam Mizəzadə ilə bir-iki kəlməlik söhbətinin şahidi oldum və belə başa düşdüm ki, onlar biri-birini çox yaxşı tanıyırdılar: yeri gəlmişkən, Hikmət bəy bizim cazdan gileylənirdi. O ki qaldı Rock-n-Rola, hətta sovet Moskvasında bütün diskotekaların tacı idi...  

Mənə gəldikdə, Azərbaycanda mənim qədər demokratiyadan, liberal dəyərlərdən, Qərbdən, keçmiş Dağlıq Qarabağ problemindən, xarici siyasətdən, xüsusən geopolitikadan yazan olmayıb, hərçənd, sonuncunu elə də sevmirəm, çünki zəif ölkələrçün deyil. Zəifinki hüquqdu, ədalətdi və humanizmdi, bunlar oldu, zəif yaşayacaq, olmadı, özündən küssün...

Bəli, tərif bu qədər. Bir daha deyirəm ki, qeyri-təvazökarlıq oldusa da üzürlü sayın və bağışlayın...

Yox, demirəm ki, jurnalistikamızda xüsusi iz buraxan yalnız dediyim üçlük idi. Əstəğfürullah! Bizdən də çox iş görən, bizdən də jurnalist kimi irəlidə olanlar vardı. Kim Rauf Talışınski - Elçin Şıxlı - Arif Əliyev üçlüyünü unudar? Nəcəf Nəcəfovun "Azadlığ”ını, Sabir Rüstəmxanlının "Azərbaycan”ını unutmaq olarmı? Sadalasam, belələri çoxdur, hətta bizdən də önəmli işlər görüblər. İndi də Rauf Arifoğlu, Zahir Əzəmət və hətta Aynur Camalqızı da var, hansılar çalışırlar ki, azacıq da olsa, fərqli  fikir, alternativ baxış da səslənsin.  

Amma bu nəsil tədircən səhnəni tərk etmək üzrədir, çox təəssüf! Həmin nəsildən yazı yazanlar çoz az qalıb. 

Şükür, çox istedadlı nisbətən cavanlar var, amma hərənin öz baxış bucağı var problemlərə; mən görəni onlar görmür, onlar görəni də mən "görmürəm” – bəli, bu sarıdan özümə "sonuncu mogikan” deyirəm, çünki bəlkə bizdən yaxşısı olacaq, ƏLAHƏZRƏT SÜNİ İNTELLEKT elə yazılar yazacaq ki, hamı ağzını açıb tamaşa edəcək, amma bir daha deyirəm; ağrılarımızı, hislərimizi SÜNİ İNTELLEKT verə bilməyəcək, çünki dəmirdir, maşındır...

Bu kiçik yazını yazanda da düşündüm ki, insanlara pessimizm aşılamayım, bir az da gümrah sözlər deyim. Bir neçə il bundan əvvəlin söhbətidir. "Nizami” metrosunun qarşısında bir "cəbhəçi”lə rastlaşdım. Artıq AXC özünə daha bir hərf yapışdırıb AXCP olmuşdu, AXCP də az qala, on yerə parçalanıb "radikal müxalifət” yaratmışdı. 

Mənim keçmiş dostum da (artıq dünyasını dəyişib) "radikal müxalifət”in aparıcı simalarından idi. Qərəz, soruşdu ki, haradasan, nə işlə məşğulsan? 

Ən əvvəl bu məqama diqqət yetirin: ölkənin "radikal müxalifət”inin təmsilçisi ölkənin radikal siyasi yazarının harada olmasından, nə işlə məşğul olmasından xəbərsiz idi! 

Bu da hələ hamısı deyil. Mən deyəndə ki, "Azadlıq” radiosundayam, müxalifətçilyimi edirəm, "radikal müxalifətçi” qayıdıb mənə nə desə yaxşıdır? "Məgər müxalifətçilik qurtarmadı?”. Təssəvvür edirsinizmi? Ona görə də hər dəfə "radikal müxalifət” ifadəsini eşidəndə həm də bir gic gülmək tutur məni...

Bu sözlərimi də qüsur bilməyin. Bilmirəm, kimindir, amma bir misra da keçir beynimdən: mənmi qocalmışam, ya zəmanəmi?..

P.S. Sovet vaxtı Çinkaçuk uşaqların ən sevimli qəhrəmanlarından idi...

Hüseynbala Səlimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью