Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu, dünya futbolunun əfsanəsi Kriştianu Ronaldo özünü tarixin ən yaxşı oyunçusu hesab etdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki ,o, bu barədə “CNN Portugal” telekanalına verdiyi eksklüziv müsahibəsində danışıb.
41 yaşlı hücumçu karyerası boyunca əldə etdiyi statistik göstəricilərin və vurduğu qolların onun tarixdəki yerini sübut etdiyini vurğulayıb:
“Karyeramı 920, 925 və ya 930 qolla bitirməyimin heç bir fərqi yoxdur. Söhbət qol vurmaqdan gedirsə, rəqəmlər özü danışır. Mən tarixin ən yaxşısıyam, nöqtə. Özümdən daha komplekt (həm sağ, həm sol ayaqla, həm də başla eyni dərəcədə yaxşı oynayan – red.) bir futbolçu tanımıram”.
Ronaldo digər azarkeşlərin Lionel Messi, Pele və ya Maradonaya pərəstiş edə biləcəyinə tam hörmətlə yanaşdığını deyib. O, argentinalı ulduzla aralarındakı illərlə davam edən rəqabəti Formula 1-in əfsanəvi pilotları Ayrton Senna ilə Alen Prostun arasındakı mübarizəyə bənzədib:
“Bizim peşəkar səviyyədə həmişə çox yaxşı və hörmətə əsaslanan münasibətimiz olub. Bu illər ərzində bir-birimizi daim motivasiya etmişik və daha da inkişaf etdirmişik. Tarix artıq yazılıb. Mən bu gün karyeramı başa vursam belə, heç nəyə görə peşman olmaram”.
Qeyd edək ki, Kriştianu Ronaldo karyerası ərzində “Qızıl top” mükafatını 5 dəfə (2008, 2013, 2014, 2016 və 2017-ci illərdə) qazanıb. O, həmçinin Portuqaliya millisinin heyətində 2016-cı ildə Avropa çempionu, 2019 və 2025-ci illərdə isə Millətlər Liqasının qalibi olub.