Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ” Azərbaycan Premyer Liqasının 17-ci turunda “Kəpəz”ə 0:2 hesabı ilə uduzub.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Azər Bağırovu, onun komandasını təbrik edirəm. Yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar. Çox istəkli idilər. Öz futbolçularıma gəldikdə, deyəcək bir söz yoxdur. Alınmayanda alınmır. Çempionata yaxşı başlamaq istəyərdik. Bir daha göründü ki, asan oyun olmayacaq. Bütün matçlara maksimum hazırlıq və motivasiya ilə çıxmalıyıq. Qarşıdakı günlərdə “Liverpul”la oyuna hazırlaşmalıyıq.
- Transferlərlə bağlı vəziyyət nə yerdədir?
- Danışıqlar gedən futbolçular var. Başa düşürük ki, yeni oyunçular lazımdır. Futbolçu gətirmək elə də asan deyil. Artıq komandalar daha təcrübəli olublar, bir-birini yaxşı tanıyırlar. Nəticələr göstərir ki, daha aktiv olmalıyıq, oyunlara məsuliyyətlə yanaşmalıyıq. Hər xal bizim üçün dəyərlidir. İnşallah yaxşı olar.
- Bəhlul Mustafazadə üçün Çin klubundan təklif gəlib?
- Maraqlananlar var, təkliflər gəlir. Hazırda “Liverpul”la oyuna köklənmişik. Hələ konkret qərar verilməyib.
- Bədavi Hüseynovun zədəsi ciddidir?
- Bəli, ciddi görünür. Başında şiş var idi. Özüm də görüb pis oldum.
- “Ayntraxt”la oyundan sonra sizin haqqınıza girənlərə haqqınızı halal edirsiz?
- Haqqım varsa, halal olsun. Mənə çox insan yaxınlaşıb deyib ki, haqqınızı halal edin, sizin haqda düz fikirləşməmişik. 10-15 ildir bu, davam edir. Tanımadan biri haqda fikir yürüdəndə belə hallar olur. Haqqım hamıya halaldır, bilmək olmaz bəlkə bu dünyadan daha tez köçdük.
- “Kəpəz”ə məğlubiyyətə görə futbolçuları cəzalandıracaqsız?
- Xeyr. Oyundan sonra futbolçulara motivasiya verdim. Futbolun özəlliyi, gözəlliyi odur ki, düşünmədiyin nəticələr olur. Qarşıdakı rəqibə həmişə dəyər vermək lazımdır. Lazım olan vaxtlarda cəza olub.
- Elvin Cəfərquliyevə “Fənərbaxça”dan təklif gəlib?
- Məndə belə məlumat yoxdur.