Mənə pul göndərə bilərsən? Bu mesaja ALDANMAYIN

02.07.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, jurnalist Ləman Ələşrəfqızı kiberdələduzluğun qurbanı olub. 

Bəs belə kiberdələduzların qurbanına çevrilməmək üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan informasiya texnologiyaları üzrə ekspert Fərid Kazımov bildirdi ki, o özü də belə hallarla qarşılaşıb:

"Tanışlarımdan birinin adı və telefon nömrəsi ilə mənə də mesaj yazılmışdı. Bu gün rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda kibercinayətkarlar da fəaliyyətlərini kiberməkana yönəldiblər və müxtəlif üsullarla insanları aldadaraq onların vəsaitini ələ keçirməyə çalışırlar. Mənə tanışımın adından "mənə pul göndərə bilərsən?" məzmunlu mesaj gələn kimi cavab vermədim və dərhal anladım ki, həmin şəxsin hesabı ələ keçirilib. Mesaj votsap vasitəsilə göndərilmişdi. Belə hallarda heç bir vəsait göndərmək olmaz. Ən doğru addım həmin şəxslə başqa vasitə ilə əlaqə saxlayaraq və ya zəng edərək vəziyyəti dəqiqləşdirməkdir. Əsas problemlərdən biri Azərbaycanda kiber təhlükəsizlik mədəniyyətinin kifayət qədər formalaşmamasıdır. İnsanlar real həyatda tanımadıqları şəxsə asanlıqla pul verməzlər, lakin virtual mühitdə eyni ehtiyatı göstərmirlər. Halbuki internet məkanı da ən azı real həyat qədər risklidir. Bu istiqamətdə həm dövlət qurumları, həm də ictimai sektor maarifləndirmə işini gücləndirməlidir. Xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar vətəndaşlara kiber təhlükəsizlik üzrə əsas biliklərin çatdırılması üçün davamlı proqramlar həyata keçirməlidirlər".

Ekspert təklif etdi ki, vətəndaşların istifadə edə biləcəyi vahid məlumat platformasının yaradılması faydalı olardı:

"Həmin platformada "Bunu etməyin", "Bu halda belə davranın", "Ən çox rast gəlinən dələduzluq üsulları" kimi praktik tövsiyələr yerləşdirilə, məlumat bazası isə mütəmadi yenilənə bilər. Bundan əlavə, xüsusi mobil tətbiq hazırlanaraq yeni təhlükələr barədə istifadəçilərə operativ bildirişlərin göndərilməsi də effektiv həll yollarından biridir. Eyni zamanda dövlət və özəl qurumlarda çalışan əməkdaşlar üçün kiber təhlükəsizlik üzrə qısa onlayn təlimlərin keçirilməsi məqsədəuyğun olardı. Bu kurslarda gündəlik həyatda rast gəlinən əsas risklər izah edilə, sonda isə iştirakçılar sadə test vasitəsilə biliklərini yoxlaya bilərlər. Belə təlimlərin universitetlərdə və digər təhsil müəssisələrində də geniş tətbiqi cəmiyyətin ümumi təhlükəsizlik səviyyəsini artırar".

F.Kazımovun sözlərinə görə, onu da nəzərə almaq lazımdır ki, bu gün sadəcə mesajla pul istənilməsi gələcəkdə qarşılaşacağımız təhlükələrin yalnız başlanğıcıdır:

"Süni intellekt texnologiyalarının inkişafı ilə yaxın gələcəkdə kibercinayətkarlar insanların səsini və görüntüsünü reala çox yaxın şəkildə saxtalaşdıraraq videozənglər vasitəsilə də insanları aldatmağa cəhd göstərə bilərlər. İnsan qarşısında tanışının görüntüsünü görəcək və onun həqiqətən köməyə ehtiyacı olduğunu düşünəcək. Məhz buna görə cəmiyyət bu təhlükələrə indidən hazır olmalı, həm texniki, həm də psixoloji baxımdan məlumatlandırılmalıdır. Yalnız yüksək kiber təhlükəsizlik mədəniyyəti formalaşdırmaqla insanlar həm özlərini, həm də yaxınlarını bu cür dələduzluq hallarından qoruya bilərlər".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью