Mənfi saldonun əvvəlki illərlə müqayisədə kəskin artması göstərir ki, ya idxalda ciddi sıçrayış olub, ya da ixrac azalıb

26.01.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Azərbaycanın xarici ticarət göstəriciləri son dövrdə diqqət çəkən dəyişikliklər nümayiş etdirir. Ötən ilin dekabr ayında ölkənin xarici ticarət dövriyyəsi 4 milyard 843,8 milyon dollar təşkil edib ki, bunun 1 milyard 652,8 milyon dollarını ixrac, 3 milyard 191 milyon dollarını isə idxal təşkil edib. Nəticədə ticarət balansında 1 milyard 538 milyon dollar mənfi saldo yaranıb. Maraqlıdır ki, əvvəllki ilin eyni dövründə mənfi saldo yalnız 70 milyon dollar olub və daha əvvəl aylıq göstəricilərdə belə səviyyədə defisit qeydə alınmayıb.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xarici ticarətdə mənfi saldo o deməkdir ki, ölkə müəyyən dövrdə xaricdən aldığı mallara, satdığından daha çox vəsait ödəyib və bu hal avtomatik olaraq “itki” kimi qiymətləndirilmir, amma risklər və təsirlər yaradır.

Akif Nəsirli

“Əgər idxalın artımı əsasən avadanlıq, texnologiya, xammal və istehsal üçün lazım olan mallarla bağlıdırsa, bu, gələcəkdə iqtisadi artıma səbəb ola bilər. Yəni bu gün idxala çox pul xərclənir, amma sabah daha çox istehsal və ixrac imkanı yaranır. Bu halda mənfi saldo müvəqqəti və məqbul sayılır”, - deyə Akif Nəsirli qeyd edib.

“İdxal daha çox istehlak malları, yəni gündəlik istifadə üçün olan məhsullar hesabına artırsa, bu da artıq problemli haldır. Belə vəziyyətdə ölkədən valyuta çıxışı sürətlənir, yerli istehsal zəifləyir və xarici bazarlardan asılılıq artır. Uzun müddət davam edərsə, milli valyutaya təzyiq yarada, inflyasiyanı gücləndirə və iqtisadi dayanıqlılığı azalda bilər”, - deyə iqtisadçı bildirib.

“Dekabr ayında mənfi saldonun əvvəlki illərlə müqayisədə kəskin artması onu göstərir ki, ya idxalda ciddi sıçrayış olub, ya da ixracda azalma yaşanıb. Xüsusilə ixracın əsas hissəsi enerji sektorundan asılıdırsa, dünya qiymətlərindəki dəyişikliklər bu göstəricilərə birbaşa təsir edir.

Yekun olaraq, idxalın ixracdan çox olması qısa müddətdə normal və izahı mümkün ola bilər, amma bu hal davamlı xarakter alarsa, iqtisadiyyat üçün risk mənbəyinə çevrilir”-deyən iqtisadçı vurğulayıb ki, əsas məsələ idxalın nəyə xidmət etməsi və bu idxalın gələcəkdə ixracı və daxili istehsalı artırma bacarığıdır.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью