Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Mən Ramiz Mehdiyevlə bağlı iş çərçivəsində hər hansı şəkildə dindirilməmişəm”.
Turkustan.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Mehdiyev işi”ində dindirilməsi iddiaları haqda danışarkən deyib.
O bildirib ki, Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı hər hansı əlaqəsi olmayıb:
“Bu məlumatın heç bir əsası yoxdur. Ramiz Mehdiyevlə bağlı dindirilməmişəm. Ona münasibətim çox aydındır, konkretdir. Ramiz Mehdiyev vəzifədə olanda onun haqqında, Azərbaycanda apardığı siyasəti tənqid edən 500 səhifəlik kitab yazmışam. Ramiz Mehdiyevin Azərbaycan dövləti, xalqı qarşısında bütün siyasi günahlarını orada bir-bir şərh etmişəm. Dövlət çevrilişi ittihamına əlavə olaraq onun barəsində daha on beş maddə də irəli sürüblər. Bunlardan biri rüşvət almaq, digəri isə başqasının mülkiyyətini zorla ələ keçirmə ilə bağlıdır.
Bunların hamısını biz bilirdik. Deputatları bilavasitə Ramiz Mehdiyev seçmişdi. O vaxt Gülər Əhmədova məsələsi də meydana çıxmışdı. O, aldığı rüşvətin bir hissəsini Ramiz Mehdiyevə verirdi.
Mən Ramiz Mehdiyevi həyatımda canlı olaraq görməmişəm. Hətta əvvəlki prezident seçkiləri zamanı Ramiz Mehdiyev adından mənə hakimiyyətə dəvət göndərilmişdi. Mən də həmin dəvətdən qəti şəkildə imtina etmişəm. Sonra televiziyada bununla bağlı xalqa məlumat vermişəm.
Ramiz Mehdiyevin mənə və bizim partiyaya münasibəti düşməncə olub. Bunun səbəbi mənim antirus mövqeyimdir. Ramiz Mehdiyev isə Rusiyanın maraqlarını müdafiə edən bir adamdır. Amma mən Ramiz Mehdiyev haqqında olmayan bir məsələ ilə bağlı nə bir söz deyə bilərəm, nə də kimsə məndən belə bir şey soruşub”.
S.Cəlaloğlu qeyd edib ki, ona böhtan atırlar:
“Sadəcə, həmin vaxt Əli Kərimlinin tərəfdarları mənə hücum etdilər və yuxarıda qeyd olunan məsələləri Ramiz Mehdiyevlə əlaqələndirməyə çalışdılar. Mən təxminən 10 il əvvəl Şah İsmayılla bağlı məqalə yazmışdım. Ramiz Mehdiyev də həmin məqalədə müdafiə olunan mövqeyə münasibət bildirmişdi. Sonradan məsələni qabartmağa və məni Ramiz Mehdiyevlə əlaqələndirməyə çalışdılar.
Mən Milli Şuranın yaradılması, eləcə də sonradan onun hakimiyyətdə və parlamentdə təmsil olunması məsələləri ilə bağlı öz fikirlərimi demişəm. Həmin vaxt Dövlət Təhlükəsizliyi Xidmıtindın məni dəvət etdilər. Dedilər ki, sizin səsləndirdiyiniz bu fikirlər nə ilə bağlıdır? Mən də bildirdim ki, həmin vaxt bu məlumatların hamısı qəzetlərdə dərc olunmuş, təsdiqlənmiş məlumatlar idi. Əli Kərimlinin Gürcüstanda fəaliyyəti, müxtəlif şəxslərlə bağlı məsələlər, pul gətirilməsi ilə bağlı məlumatlar qəzetlərdə yazılmışdı. Bunların hamısı qəzetlərdə çıxmış məlumatlar idi və mən də bildiklərimi demişəm”.
Partiya sədri Milli Şuranın Rusiyanın maraqlarına uyğun yaradıldığını bir daha vurğulayıb:
“Sonradan hadisələr də müəyyən mənada mənim dediklərimi təsdiqlədi. Daha sonra Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı məsələsi ortaya çıxdı və onun prezident seçkilərində iştirak məsələsi suya düşdü. Mən bütün bunlarla bağlı vaxtında dediyim sözləri sonradan bir daha təkrar etmişəm.
Bundan əlavə, məndən dövlət çevrilişi ilə bağlı, Əli Kərimli ilə Ramiz Mehdiyev arasındakı əlaqələr barədə və ya ümumiyyətlə Mehdiyevin fəaliyyəti ilə bağlı nəsə soruşulmayıb. Ramiz Mehdiyevlə nə əlaqəm var?! Haradan bilim ki, o, dövlət çevrilişi hazırlayırdı? Onun ətrafında nə qədər adam var idi, parlamentdə oturan şəxslər, nazirlər, hökumət üzvləri, bilavasitə rüşvət alıb vəzifəyə qoyduğu rəhbərlər, icra başçıları və digərləri. Ramiz Mehdiyev Azərbaycan məmurlarının böyük əksəriyyətinin bilavasitə rəhbəri olub. Getsinlər icra başçılarını, deputatları, ona rüşvət verən adamları, onun tapşırığı ilə Rusiyanı müdafiə edən adamları dindirsinlər”.