Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İkinci Qarabağ müharibəsi, Azərbaycan əsgərinin qırxdörd günlük intiqam və qələbə yürüşü haqqında “44” bədii filminin nümayışi axır vaxtlarda yaşadığımız ən həyəcanlı, ən təsirli, bəzən adamı göz yaşında boğan hadisələrdən biri oldu.
Kult.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı qeyd edib.
“İnamla deyə bilərəm ki, son zamanlarda Bakıda bu qədər ziyalını, ictimai-siyasi həyatımızın bu qədər tanınmiş nümayəndəsini, bu qədər dövlət və mədəniyyət xadimini bir araya yığan belə möhtəşəm tədbiri xatırlamıram.
Bu sadəcə bir təqdimat deyildi; həm də qələbəyə gedən yolun ağırlığını, qələbə sevincini yenidən yaşamaq idi. Həmin axşama gələn hər kəsin üzündə böyük zəfərin köhnəlməyən sevinci ilə yanaşı, dövlətlə xalq birliyinin yüksək qürurunu görürdük.
Filmin uğurlu rejissor işini, aktyorların gözəl oyununu, Azərbaycan Ordusunun gücünü göstərən kütləvi döyüş səhnələrini təhlil etmək niyyətim yoxdur; bu barədə yazılıb, yenə yazılacaq. Filmin özü ilə bərabər açılışda Azərbaycan Dövlət Simfonik Orkestrinin möhtəşəm ifası və sonda şəhid analarının toplaşdıqları və çıxış etdikləri səhnələr gecənin təsirini və ruhunu tamamladı.
Bədii filmin senari müəllifini və yaradıcı heyətini ürəkdən təbrik edirəm. “44” bədii filmi Azərbaycan kino sənətinin böyük uğurudur və ümid edirik ki, kinomuzun dirçəlişində ciddi rol oynayacaqdır”, - xalq şairi əlavə edib.