Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Samux rayonunda 1981-ci il təvəllüdlü Əhməd həmyerlisi İlqara (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin oktyabrın 1-də rayonun kəndlərindən birində baş verib. Əhməd həmin gün saat 17 radələrində çayxananın qarşısında Ülvinin səyyar şəkildə satdığı corabı ona daha ucuz qiymətə verməsini tələb edib. Bu zaman o, bu tələbinə rədd cavabı alıb.
Bundan sonra Əhməd Ülviyə bir daha kəndə gəlməməyi bildirib. Bu vaxt Ülvi ilə birlikdə kəndə gəlmiş qardaşı İlqar nə səbəbə bu kəndə gəlmələrini Əhmədə bildirməsi ilə bağlı aralarında mübahisə yaranıb. Mübahisə zamanı Əhməd İlqarın sifət nahiyəsinə baş nahiyəsi ilə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fəhləliklə məşğul olaraq ailəsini dolandırır: “Məni kənd arasında “Göygöz” kimi tanıyırlar. Birinci ailəmdən ayrılmışam. İkinci dəfə ailə həyatı qurmuşam və hazırda himayəmdə üçü azyaşlı olmaqla beş övladım var”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2024-cü ilin oktyabrın 1-də evdə spirtli içki qəbul etdikdən sonra təxminən saat 17 radələrində çayxanaya gedib: “Bir qədər keçdikdən sonra oraya “VAZ-21011” markalı avtomobil gəldi. Avtomobildən üç nəfər şəxs düşərək səyyar paltar satmağa başladılar. Bu zaman sonradan adını Ülvi kimi bildiyim şəxsə yaxınlaşaraq corabların qiymətini soruşdum, aşağı qiymətə satmağını tələb etdim. Avtomobilin yanında dayanan və sonradan adının İlqar olduğunu öyrəndiyim şəxs mənə “corabların qiyməti odur” deyə bildirdi. mən də İlqarla söhbət etmək üçün onun yanına getdim. Mən İlqarın sifət nahiyəsinə baş nahiyəmlə bir dəfə vurmuşam. Bu zaman orada olan şəxslər bizi araladı. Həmin vaxt sərxoş olduğumdan özümdə olmamışam, hadisəni tam xatırlaya bilməmişəm. Hətta bu gün də hadisə tam yadıma düşmür”.
Bu cinayət işinə Samux Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əhməd 2 ay 28 gün azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az