Icma.az, Axar.az portalına istinadən məlumat verir.
3 milyon 700 min manat mənimsəmədə ittiham olunan “Azenco” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəməsi keçirilib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilib.
Şahid qismində ifadə verən Vüqar Əliyevin xələfi - “Azenco”nun İdarə Heyətinin hazırkı sədri Pərviz Hacıyev dövlət ittihamçısı Valeh Ələkbərovun suallarını cavablandırıb.
Bildirib ki, Vüqar Əliyevi 2023-cü ildən tanıyıb, şirkətdə maliyyə məsələləri rəhbər kimi Vüqar Əliyevin nəzarətində olub:
“Azenco” Özbəkistandan olan şirkətlə işlərin görülməsi üçün 16 milyon manatlıq müqavilə bağlamaq barədə razılığa gəlib. Sonradan Vüqar Əliyev məbləği əvvəlcə 14 milyona, sonra isə 8 milyon manata saldı. Məbləğin aşağı salınması səbəbini soruşanda dedi ki, Özbəkistan şirkətinin əvvəlki məbləği ödəməyə imkanı yoxdur. Biz bu işdən cəmi 3 milyon qazanc götürdük".
Onun sözlərinə görə, şirkətin maliyyə hesabatları kurasiyasına görə hər gün ona təqdim olunub:
"Hesabatlarda kənar xərclər müəyyən etdim. Bununla bağlı Vüqar Əliyevə şifahı xəbərdarlıq elədim. Amma o, xərclər edəndə, hədiyyələr alanda cinayət əməlinə yol verdiyini bilmirdik. Maliyyə hesabatlarında gördüm ki, gül dükanından bir gündə 15 min manatlıq gül alınıb. Bununla bağlı heç bir tədbir görülmədi. Şifahı olaraq soruşduq, cavab verdi ki, energetiklər günüdür, hədiyyə almaq lazmdır”.
Müdafiə tərəfi şahidə Etibar Pirverdiyevin şirkətdə hansı vəzifə tutması barədə suallar versə də, bu suallar protokoldan çıxarılıb və şahid sualları cavablandırmayıb.
Təqsirləndirilən Vüqar Əliyev isə maliyyə xərcləri ilə bağlı Pərviz Hacıyevin ona şifahi və ya yazılı xəbərdarlıq etmədiyini deyib:
“İlk dəfə Özbəkistandakı şirkətlə danışıqlar aparmaq üçün Etibar Pirverdiyevlə, daha sonra Pərviz Hacıyevlə getdik. Mən heç bir cinayət və ya mənimsəmə faktı törətməmişəm. Əgər belə hal olsaydı, məndən yuxarı vəzifəli şəxsə məlumat verərdilər. Bu vəzifəli şəxs öz aramızda "şef" adlandırdığımız Etibar Pirverdiyev idi".
Təqsirləndirilən şəxsin vəkili Nurlan Məmmədov iddia edib ki, Etibar Pirverdiyev şirkətdə məsləhətçi işləyib, 55 min manat əmək haqqı alıb:
"Bu məbləğ idarə heyəti sədrinin əməkhaqqısından qat-qat çoxdur. Heç adi bir məsləhətçi 55 min manat maaş alar?"
Hakim iş gününün sonu olduğu üçün şahid Pərviz Hacıyevin sorğusunun yarımçıq saxlanıldığını, növbəti iclasda sorğu-sualın davam edəcəyini bildirib.
Elan olunub ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə elektron sistemə vəsatət yerləşdirib. Dövlət ittihamçısı vəsatətin əsassız olduğunu və təmin olunmamasını istəyib.
Növbəti proses noyabrın 16-da davam edəcək.
Qeyd edək ki, “Azenco” şirkətinin “Azərenerji”nin keçmiş rəhbəri Etibar Piriverdiyevə bağlı olduğu bildirilir.
Pirverdiyev vəzifədə olduğu dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib.
Vüqar Əliyev 2022-2023-cü illərdə şirkətin İdarə Heyətinin sədri, sonradan isə bir müddət Müşahidə Şurasının sədri işləyib. O, 1 il əvvəl daxil olmuş şikayət əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Cinayət işi ilə bağlı fərqli ünvanlarda yerləşən əmlaklar üzərinə həbs qoyulub.
Vüqar Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.