Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyəyə məxsus “Royad Məmmədov” adlı yük gəmisi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalıb.
"Bakupost" xəbər verir ki, hücum nəticəsində gəminin kapitanı yaralanıb, ilkin olaraq 13 heyət üzvünün itkin düşdüyü bildirilib. Hadisədən sonra Rumıniya rəsmiləri ərazidə axtarış-xilasetmə əməliyyatına başlayıblar.
Son məlumatlara əsasən, 11 ekipaj üzvü xilas edilib, iki nəfərin isə həlak olduğu açıqlanıb. Gəminin aldığı zərbələr nəticəsində batdığı bildirilir.
Ukrayna mətbuatı hadisənin Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində baş verdiyini yazıb.
Məlumata görə, “Royad Məmmədov” gəmisi Türkiyənin “Palmali” şirkətinə məxsusdur. Şirkət 2022-ci ildə gəmilərindən birinə II Qarabağ müharibəsində şəhid olan Röyad Məmmədovun adını verib.
Röyad Məmmədov Masallı rayonunun Mahmudavar kəndində anadan olub. O, 2020-ci il noyabrın 8-də Vətən müharibəsi zamanı şəhid olub.
Hazırda hadisənin bütün detalları, o cümlədən hücumun dəqiq şəraiti və məsul tərəflə bağlı araşdırmalar davam edir.