Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Şahmat zəka və strategiya oyunudur...
Şahmat taxtası qarşısında dəqiq hesablanmış strategiya, ardıcıl düşüncə və davamlı zəhmət qalibiyyətə aparan yolu müəyyənləşdirir. Bu oyunun ən böyük üstünlüklərindən biri ondan ibarətdir ki, insanı yalnız qalib gəlməyə deyil, uduzmağı qəbul etmək və səhvləri analiz etməyi öyrədir. 64 xanalı taxta lövhə üzərində cansız fiqurlar arasında gedən səssiz-səmirsiz döyüş olan şahmat mübarizəsi insanda təhlil qabiliyyətini artırır, təxəyyülü gücləndirir, dözüm, inad, qətiyyət və dəmir iradə tərbiyə edir. Şahmatda siyasi kombinasiyalar belə mövcuddur.
Əslində, şahmat həyatın özünə çox bənzəyir. Burada da hər qərarın müəyyən nəticəsi olur, tələsik atılan addımlar sonradan ciddi itkilərə səbəb ola bilir, səbir və uzaqgörənlik isə insanı uğura aparan əsas amillərə çevrilir. Buna görə də şahmat oynayan insan yalnız fiqurları idarə etməyi deyil, eyni zamanda həyatda qarşılaşdığı çətinliklərə daha rasional yanaşmağı, hadisələri müxtəlif rakurslardan qiymətləndirməyi öyrənir.
Mütəxəssislər hesab edirlər ki, uşaqların erkən yaşlardan şahmatla məşğul olması onların məntiqi təfəkkürünün, diqqətinin, yaddaşının, analiz etmə bacarığının və qərarvermə vərdişlərinin formalaşmasına mühüm töhfə verir. Bu oyun məktəblilərdə səbir, məsuliyyət, intizam və planlı düşünmək kimi keyfiyyətlərin inkişafına da müsbət təsir göstərir. Məhz buna görə də dünyanın bir çox ölkəsində şahmat artıq yalnız idman növü deyil, həm də təhsil prosesinin vacib elementlərindən biri kimi qiymətləndirilir.
Müasir dövrdə rəqəmsal texnologiyaların sürətlə inkişaf etməsinə baxmayaraq şahmat öz aktuallığını itirməyib. İnternet platformalarının, onlayn turnirlərin və süni intellekt əsaslı təlim proqramlarının meydana çıxması nəticəsində milyonlarla insan dünyanın müxtəlif ölkələrindən eyni anda bir-biri ilə qarşılaşmaq, peşəkar oyunçuların partiyalarını izləmək və biliklərini daha da artırmaq imkanı qazanıb. Bu da şahmatın sərhəd tanımayan qlobal intellektual hərəkat olduğunu bir daha nümayiş etdirir.
100 il öncə...
İyulun 20-si dünyada Beynəlxalq Şahmat günü kimi qeyd olunur. Bayram 1966-cı ildən UNESCO-nun rəsmi bayram günləri təqviminə salınıb. Seçilən tarix heç də təsadüfi deyil. 1924-cü ilin məhz iyul ayının 20-də, Fransanın paytaxtı Paris şəhərində Ümumdünya Şahmat Federasiyası (FİDE) yardılıb. Artıq 100 ildir ənənəyə çevrilən bayram, Azərbaycan da daxil olmaqla dünyanın 178 ölkəsində qeyd olunur.
Şahmat nə vaxt və necə yarandı?
Şahmat 1500 il bundan əvvəl Hindistanda meydana gəlib və ilk vaxtlar “çaturanq” adlanırdı. Bu oyunun qaydaları vaxt ötdükcə dəyişərək indiki halını alıb. Rəvayətə görə, hind müdriklərindən biri çaturanq oyununu qanlı müharibələrin qarşısını almaq üçün icad edib: Döyüş əməliyyatlarını adi taxta üzərində aparmaq və qələbəni insanın ən güclü silahı - ağılla qazanmaq mümkündürsə, onda nəyə görə qan tökülsün? Bu oyun hind şahzadəsini valeh edir. Şahzadə bu oyunu icad edən şəxsi mükafatlandırmaq məqsədi ilə saraya çağıraraq deyir: “Nə arzun varsa, de, yerinə yetirim”. Həmin müdrik şəxs birinci xana üçün 1, ikinci xana üçün 2, üçüncü xana üçün 4, dördüncü xana üçün 256 və bu minvalla 64 xananın hər biri üçün həndəsi silsilə ilə artan qaydada buğda istəyir. İxtiraçının istəyinin bir kisə buğdadan çox olmayacağını düşünən şahzadə bu xırda ənamı verməkdən utanır və həmin şəxsə çoxlu qızıl-gümüş təklif edir. Müdrik şəxs bununla razılaşmır. Şahzadə xəzinədarı çağırır və xahişi yerinə yetirməyi əmr edir. Səhəri gün xəzinədar şahzadəyə ixtiraçının istədiyi buğdanın həddən çox olduğunu xəbər verir. Bunun 18 446 744 073 709 551 616, yəni 18 kvintilyon 446 kvadrilyon 744 trilyon 73 milyard 709 milyon 551 min 616 buğda dənəsi etdiyini deyir. Bu qədər buğdanı bir yerə yığmaq üçün hündürlüyü 4 metr, eni 10 metr, uzunluğu isə 30 milyon kilometr olan anbar gərəkdir. Şahzadə heyrətlənir və müdrik insanın ağlına bir daha heyran qalır.
Azərbaycanda şahmatın inkişaf tarixi
Azərbaycanda şahmatın intellektual idman növü kimi tarixi qədim zamanlara gedib çıxır. Ölkəmizdə şahmat oyunu özünü təsdiq edənə qədər böyük inkişaf yolu keçib. Tədqiqatçıların fikrincə, şahmatın ilk forması olan çətrəngin əsrlər boyu təkmilləşdirilib şətrənc (şahmatın ikinci inkişaf mərhələsi) halına salınmasında, həmçinin şətrəncin inkişaf etdirilib müasir şahmata çevrilməsində böyük əmək sərf etmiş xalqlardan biri də azərbaycanlılar olub. Azərbaycan xalqının görkəmli elm, sənət adamları hələ qədim zamanlarda uzaq Hindistanda şahmatın yaradılması ilə maraqlanmış, onun başqa ölkələrə yayılmasını daim izləmiş və özləri də VI əsrin axırlarında həmin oyunla yaxından məşğul olmuşlar. Lakin o dövrün şahmat oyunçularından heç kəsin adı bizə məlum deyil.
İlk azərbaycanlı şahmatçı...
Orta Asiya əlyazmasında adı çəkilən ilk Azərbaycan şahmatçısı Cəlaləddin Naxçıvanidir (IX əsr). Xaqani Şirvani (XII əsr), Nizami Gəncəvi (XII əsr), İmadəddin Nəsimi (XIV əsr), Məhəmməd Füzuli (XVI əsr) kimi dahi mütəfəkkirlərimiz öz əsərlərində şahmatı tərənnüm edib, onun haqqında mənalı, dərin fikirlər söyləyiblər. XI əsrdə yaşamış görkəmli mütəfəkkirimiz Qətran Təbrizinin əsərlərində o dövrün şahmatı haqqında maraqlı məlumatlar verilib.
Yeganə BAYRAMOVA