Icma.az bildirir, Bakupost portalına istinadən.
Azərbaycanda tikinti xərcləri oktyabr ayında sentyabrla müqayisədə 3%, ötən ilin dekabr ayı ilə müqayisədə isə 13,5% artıb. Bahalaşma yeni mənzillərin tikinti maya dəyərinə də təsir göstərir. Bununla belə, mənzillərin satış qiymətini yalnız tikinti materiallarının qiyməti deyil, torpaq sahəsinin dəyəri, əməkhaqqı, maliyyələşmə və bazardakı tələb-təklif nisbəti də müəyyən edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Bakupost”a bildirib ki, tikinti xərcləri dedikdə, ilk növbədə, tikintinin maya dəyəri nəzərdə tutulur. Bu məbləğə tikintinin aparıldığı torpaq sahəsinin qiyməti, tikinti materiallarının dəyəri, işçi qüvvəsinə ödənilən əməkhaqqı və digər xərclər daxildir. Onun sözlərinə görə, maya dəyərinin artmasına müxtəlif amillər təsir edir və bu prosesi kompleks şəkildə qiymətləndirmək lazımdır.
O qeyd edib ki, açıqlanan faiz göstəriciləri onun tərəfindən təsdiqlənməsə də, tikinti xərclərinin artması faktdır. Bunun təsiri tikinti sektorunun fəaliyyətində də müşahidə olunur. Belə ki, 2026-cı ilin ilk 9 ayında tikinti işlərinin həcmi 6,8% azalıb. V.Orucun fikrincə, bu, maya dəyərinin yüksəlməsinin tikinti həcminə birbaşa təsir etdiyini göstərir. Buna görə də tikinti sektorunda azalmanın qarşısını almaq üçün təcili təşviq proqramlarına ehtiyac var.
V.Oruc bildirib ki, tikinti materiallarının qiymətində il ərzində bir neçə dəfə artım müşahidə olunur. Bu, əsasən tikinti aktivliyinin yüksəldiyi dövrlərə təsadüf edir. Fevral-mart aylarında və yay mövsümündə tikinti işlərinin həcmi artdığından materiallara tələbat da yüksəlir. Nəticədə bazarda qiymətlər bahalaşır.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra tikinti materiallarının bahalaşması daha da sürətlənib. İdxal zamanı yaranan problemlər qiymətlərin artmasına səbəb olub. Sonradan daxili istehsal hesabına bahalaşmanın bir hissəsi kompensasiya edilsə də, materialların qiyməti əvvəlki səviyyəyə qayıtmayıb.
O əlavə edib ki, manatın alıcılıq qabiliyyəti, ölkədəki iqtisadi vəziyyət və tikinti ilə bağlı normativ tələblər də maya dəyərinə ciddi təsir göstərir.
V.Oruc bildirib ki, hazırda tikintisi yeni başlayan, təməl və kotlovan mərhələsində olan binalardakı mənzillər yaxınlıqda əvvəllər inşa edilmiş yeni tikililərlə müqayisədə təxminən 15-20% baha qiymətə təklif olunur. Onun sözlərinə görə, sahibkarlar artan tikinti xərclərini kompensasiya etmək üçün yeni layihələrdə mənzillərin ilkin satış qiymətlərini daha yüksək müəyyənləşdirirlər.
O vurğulayıb ki, mənzilin satış qiyməti yalnız tikinti materiallarının dəyərindən formalaşmır. Buraya torpaq sahəsinin qiyməti, əməkhaqqı, texnika və logistika xərcləri, maliyyələşmə, vergi öhdəlikləri, kommunikasiya və infrastruktur xərcləri, eləcə də tikinti şirkətinin mənfəət marjası daxildir.
Onun sözlərinə görə, tikinti xərclərindəki artım mənzil bazarına mərhələli şəkildə təsir göstərir. Materialların qiymətinin yüksəlməsi mənzillərin satış qiymətini dərhal artırmır. Lakin yeni tikililərdə bahalaşmış materiallardan istifadə olunduqca bu artım mənzil qiymətlərində də özünü göstərir.
V.Oruc qeyd edib ki, tikinti şirkətlərinin bütün əlavə xərcləri dərhal alıcıların üzərinə qoyması da mümkün deyil. Çünki bu, mənzil qiymətlərinin həddindən artıq yüksəlməsinə səbəb ola bilər. Mənzil bazarında alıcılıq qabiliyyəti, ipoteka imkanları və əhalinin gəlirləri də qiymətlərin formalaşmasında mühüm rol oynayır.
V.Oruc torpaq sahələrinin qiymətinə də xüsusi diqqət çəkib. Onun sözlərinə görə, sərbəst torpaq sahələrinin məhdud olması tikinti üçün ayrılan ərazilərin dəyərini artırır. Bu xərc sonradan mənzilin bir kvadratmetrinin qiymətinə daxil edilir və satış qiymətlərinin yüksəlməsinə səbəb olur.
V.Oruc bildirib ki, mənzil bazarında qiymətlərə həm tikinti xərcləri, həm tələb və təklif nisbəti, həm də daşınmaz əmlakın investisiya cəlbediciliyi təsir göstərir.
Onun sözlərinə görə, tikinti materiallarının bahalaşmasının davam etməsi və əhalinin gəlirləri ilə mənzil qiymətləri arasında uyğunsuzluğun artması bazarda durğunluğa səbəb ola bilər. Bu isə mənzillərin əlçatanlığını daha da azaldar.
O hesab edir ki, problemin həlli üçün sosial mənzil layihələrinin həcmi və əhatəsi genişləndirilməlidir. Vətəndaşların satmaq öhdəliyi ilə kirayə mənzil proqramlarından, İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil layihələrindən, eləcə də adi və güzəştli ipoteka kreditlərindən yararlanmaq imkanları artırılmalıdır. Onun fikrincə, bu mexanizmlər mənzil bazarının aktivləşməsinə kömək edə bilər.
V.Oruc tikintinin maya dəyəri ilə mənzilin bazar qiyməti arasındakı fərqin sahibkarın mənfəət marjası ilə də bağlı olduğunu bildirib. Onun sözlərinə görə, tikinti şirkətləri maya dəyərinin üzərinə təxminən 20-30% mənfəət əlavə edirlər. Bu gəlir şirkətin gələcək layihələrinin inkişafına, sahibkarın şəxsi ehtiyaclarına və digər fəaliyyət istiqamətlərinə yönəldilə bilər.
O vurğulayıb ki, bazar qiyməti ilə tikinti maya dəyəri arasında fərqin olması təbii prosesdir. Əks halda, sahibkarların tikinti fəaliyyəti ilə məşğul olmaq üçün iqtisadi marağı olmazdı.
O, mənzil qiymətlərinin formalaşmasına birbaşa təsir edən altı əsas amili də sadalayıb: torpaq sahəsinin dəyəri, yerləşmə və infrastruktur səviyyəsi, tələb və təklif nisbəti, maliyyələşmə və vergi xərcləri, tikinti şirkətinin mənfəət marjası, həmçinin bazar gözləntiləri və investisiya amili.
Vüsalə Hüseynova,
BakuPost