Mənzil problemi boşanma sayına təsir edir? AÇIQLAMA

05.06.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda boşanma sayının yüksəlməsi sosial sferada ciddi müzakirə mövzusu olmaqla bərabər, daşınmaz əmlak sektorunda da struktur dəyişikliklərinə təkan verən faktorlardan sayılır. Parçalanan ailələrin fərdi mənzil tələbatı mənzil bazarına birbaşa təsir edir və yeni bazar trendləri ortaya çıxarır. Bununla belə, problemin kökləri daha dərin iqtisadi amillərlə bağlıdır.
Ölkədə mənzil bazarının mövcud vəziyyəti, gənclərin ev təminatı məsələləri və qiymət artımının demoqrafik proseslərə təsirini şərh edən daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a bildirib ki, boşanmaların mənzil bazarına təsirini ölçən hər hansı rəsmi statistika yoxdur və bu səbəbdən təsirlərin həcmini dəqiq rəqəmlərlə ifadə etmək çətindir.
Ekspert məsələyə daha geniş kontekstdə yanaşmağı təklif edib:
"Mən məsələyə daha qlobal aspektdən yanaşardım. Əsas sual evlənə bilməyən insanların sayının niyə ildən-ilə artmasıdır.
Bunun əsas səbəblərindən biri mənzil probleminin qlobal xarakter almasıdır. Daşınmaz əmlaka əlçatanlıq getdikcə çətinləşib. Son dörd-beş il ərzində daşınmaz əmlakın qiymətləri təxminən 70 faizə qədər artıb. Eyni zamanda, ölkədə kredit imkanları, xüsusilə də tikinti şirkətlərinin təklif etdiyi kredit şərtləri xeyli sərtləşib. Bunun səbəblərindən biri də tikinti şirkətləri arasında rəqabətin zəifləməsidir. Bu vəziyyət həm qiymətlərin artmasına, həm də kredit şərtlərinin daha sərt olmasına gətirib çıxarıb".
O deyib ki, ailə qurmaq istəyən gənclər daha çox çətinliklə üzləşirlər:
"Hətta artıq formalaşmış, lakin uzun müddətdir kirayədə yaşayan ailələr də mənzil sahibi olmaqda çətinlik çəkir və kirayədə qalmağa məcbur olurlar. Hökumət tərəfindən təqdim edilən ipoteka və digər dəstək mexanizmləri isə bazarın yalnız kiçik bir hissəsinin tələbatını qarşılaya bilir.
Bu problem ildən-ilə daha da dərinləşir. Qiymətlərin yüksək olması bir tərəfdən insanların mənzil əldə etməsini çətinləşdirir, digər tərəfdən isə qanunsuz tikililərin artmasına şərait yaradır",- deyə o qeyd edib.
Göründüyü kimi, daşınmaz əmlak bazarında təklif olunan şərtlərin ağırlaşması bir tərəfdən gənclərin müstəqil həyata addım atmasını və ailə qurmasını əngəlləyir, digər tərəfdən isə paytaxt və ətraf ərazilərdə qeyri-leqal tikinti meyillərini stimullaşdırır. Sosial dövlət layihələrinin və güzəştli ipoteka proqramlarının əhatə dairəsinin genişləndirilməsi bu qlobal mənzil böhranının yumşaldılmasında ən vacib addım kimi aktuallığını qoruyur.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью