Mənzil qiymətləri artacaq? EKSPERT AÇIQLADI

27.08.2026

Icma.az bildirir, Sia Az portalına istinadən.

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti sektoruna 2 milyard 348,3 milyon manat investisiya yönəldilib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən bu istiqamətdə 1.6% azalma olub. Bu məbləğdən mənzil tikintisinə isə 1 milyard 584,3 milyon manat xərclənib. 2025-ci ilin eyni dövrünə nisbətən bu istiqamətdə 3,4% artım qeydə alınıb.

2026-cı ilin sonuna qədər tikinti bazarında hansı dəyişikliklər gözlənilir və bu dinamika mənzil qiymətlərinə necə təsir edə bilər?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, 2025-ci ilin dekabr ayından başlayaraq mənzil bazarında əvvəlki illərlə müqayisədə nisbi sakitlik müşahidə olunur:

“Yəni, 2026-cı ildə real alıcıların sayı bazarda olduqca azdır.

Buna baxmayaraq, bəzi binaların qiymətləri düşsə də, bu, əsasən həyət evləri və köhnə binalara aiddir. Əvvəlki illərlə müqayisədə bu kateqoriyalarda qiymətlərdə cüzi enmə olsa da, real müştərilərin sayı azalıb. Lakin yeni binaların qiymətləri artmaqda davam edir.

Bu qiymət artımının əsas səbəbi odur ki, dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da əmlak bazarı tələb və təklif prinsipi əsasında formalaşır. Bazarda hansı kateqoriyaya aid əmlaka tələbat çox olarsa, həmin kateqoriyadakı əmlakın qiyməti yüksəlir. Hansı kateqoriyaya maraq az olarsa, həmin əmlakların qiyməti aşağı düşür.

Yəni tələb çox olduqda qiymətlər yüksəlir, təklif çox olduqda isə satıcılar arasında yaranan rəqabət nəticəsində qiymətlər aşağı düşür. Real alıcı cəlb etmək üçün satıcılar qiymətləri endirirlər. Digər satıcılar da bunu gördükdə real alıcı cəlb etmək məqsədilə qiymətlərini aşağı salırlar. Bu zaman satıcılar arasında rəqabət yaranır və nəticədə qiymət enməsi müşahidə olunur.

2026-cı ildə, 2025-ci illə müqayisədə real alıcıların sayı azalsa da, yeni binalarda qiymət artımı davam edir.

Bunun əsas səbəblərindən biri alıcıların təxminən 65 faizinin məhz yeni binalardan ev almağa üstünlük verməsidir. Əvvəlki illərdə insanlar daha çox köhnə binalara və həyət evlərinə meyl edirdilərsə, indi vəziyyət əksinə dəyişib və yeni binalara üstünlük verilir.

Alıcıların 65 faizinin yeni binalara üstünlük verməsi, eləcə də bazarda bu kateqoriyaya aid satılan mənzillərin sayının köhnə binalar və həyət evləri ilə müqayisədə az olması nəticəsində qiymət artımı yaşanır.

Daha çox qiymət artımı isə çıxarışı olan və ipotekaya yararlı yeni binalarda müşahidə edilir. Yəni, yeni binalar arasında ipotekaya yararlı, çıxarışlı evlərin qiymətləri müqavilə ilə satılan evlərin qiymətlərindən daha sürətlə artır.

Bunun əsas səbəbi həmin evlərin ipoteka kreditləşməsinə uyğun olması, ipoteka ilə ev alan insanların sayının çoxalması və alıcıların bu kateqoriyadakı yeni binalara daha çox üstünlük verməsidir. Bu baxımdan, çıxarışı olan və ipotekaya yararlı mənzillərin qiymətləri digər, müqavilə ilə satılan mənzillərlə müqayisədə daha sürətlə artır və bu mənzillərə tələbat daha çoxdur.

Təmirli və təmirsiz mənzillərə gəldikdə isə, yeni binalardan söhbət gedir. Hazırda bazarda müraciət edənlərin, xüsusilə yeni binalara müraciət edənlərin təxminən 55-60 faizi daha çox podmayak, yəni təmirsiz vəziyyətdə satılan evlərlə maraqlanır.

Hazırkı bazar vəziyyətinə baxdıqda demək olar ki, yeni binalarda qiymət artımı hələ də davam edəcək. Çünki bildiyiniz kimi, tələb çox olduqca qiymətlərin artması qaçılmaz olur.

Amma buna baxmayaraq, çox hallarda vətəndaşlar və şirkətlər mənzilləri bazara şişirdilmiş qiymətlərlə çıxarırlar. Bu da yolverilməzdir. Bu vəziyyət mənzillərin azlığından və tikinti şirkətlərinin bazara daha az mənzil çıxarmasından irəli gəlir.

Bundan istifadə edən bəzi işbazlar qiymətləri süni şəkildə yuxarı qaldırırlar. Konkret olaraq, hələ ki, yeni binalarda qiymətlərin enməsindən söhbət gedə bilməz. Çünki bu kateqoriyaya aid binalara tələbat çoxdur. Tələbatın yüksək olmasının səbəblərindən biri də bina tipli yaşayışın üstünlükləridir: binanın aşağı mərtəbələrində həyətin və ya maşınlıqların olması, su, qaz və işığın davamlı təmin edilməsi, yeraltı parkinqin mövcudluğu və digər imkanlar vətəndaşların, alıcıların seçimində əsas şərtlərdən biri kimi çıxış edir.

Qiymətlər daha çox şəhərin mərkəzinə yaxın ərazilərdə və şəhərə nisbətən yaxın yaşayış komplekslərində yüksəkdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью