Mənzilin qiyməti kredit riskini necə artırır? EKSPERT DANIŞDI

24.11.2026

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Daşınmaz əmlakın düzgün qiymətləndirilməsi bank sektorunda kredit risklərinin idarə olunmasının və maliyyə sabitliyinin qorunmasının əsas elementlərindən biridir. Çünki ipoteka və girov təminatlı kreditlərdə əmlak yalnız mülkiyyət obyekti deyil, eyni zamanda bankın kredit üzrə maliyyə təminatıdır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli deyib:

“Bu təminatın real bazar dəyərindən yüksək və ya aşağı qiymətləndirilməsi həm bank, həm borcalan, həm də bütövlükdə maliyyə sistemi üçün ciddi nəticələr yarada bilər.

İlk növbədə, əmlakın süni şəkildə yüksək qiymətləndirilməsi bankın təminat riskini artırır. Məsələn, real bazar dəyəri 150 min manat olan mənzilin 200 min manat qiymətləndirilməsi kredit məbləğinin əsassız şəkildə yüksəlməsinə səbəb ola bilər. Borcalanın ödəniş qabiliyyətində problem yarandıqda və girovun realizasiyası zərurəti meydana gəldikdə bank gözlədiyi məbləği geri əldə edə bilməyə bilər. Bu isə kredit portfelində mümkün zərərləri artırır.

Digər tərəfdən, əmlakın real dəyərindən aşağı qiymətləndirilməsi də arzuolunan yanaşma deyil. Bu halda borcalanın kredit imkanları məhdudlaşır, bankın girov təminatının iqtisadi potensialı tam nəzərə alınmır və maliyyə resurslarından səmərəli istifadə zəifləyir”.

O qeyd edib ki, burada vacib məsələ yalnız əmlakın cari bazar qiymətini müəyyənləşdirmək deyil, onun likvidliyini, hüquqi şəffaflığını və bazar dəyişkənliyinə davamlılığını da qiymətləndirməkdir:

“Çünki yüksək qiymətə malik, lakin satılması çətin olan əmlak bank üçün həmişə etibarlı girov hesab edilə bilməz. Xüsusilə sənədləşmə problemləri, tikinti qüsurları, hüquqi məhdudiyyətlər və bazar qiymətlərində kəskin dəyişikliklər əlavə risklər yaradır.

Mənim fikrimcə, bank qiymətləndirməsində müstəqillik, peşəkarlıq, vahid metodologiya və aktual bazar məlumatları əsas prinsiplər olmalıdır. Qiymətləndirici bankın və ya müştərinin gözləntilərinə deyil, obyektiv bazar göstəricilərinə əsaslanmalıdır. Eyni zamanda, banklar girov dəyərini mütəmadi monitorinq etməli və riskləri yalnız ilkin qiymətləndirmə ilə məhdudlaşdırmamalıdır.

Nəticə etibarilə, daşınmaz əmlakın düzgün qiymətləndirilməsi sadəcə kreditin verilməsi üçün texniki prosedur deyil, bank sektorunda risklərin qarşısının alınması və maliyyə sabitliyinin qorunması mexanizmidir. Sağlam ipoteka bazarının əsasında real əmlak dəyəri, ödəmə qabiliyyətinin düzgün təhlili və etibarlı girov təminatı dayanır. Çünki bank sektorunda qiymətləndirmə səhvi bəzən bir əmlakın deyil, bütöv kredit portfelinin riskinə çevrilə bilər”.

Şəbnəm

Gununesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью