Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mənzilin sığortalanması vətəndaşların əmlakını müxtəlif risklərdən qorumağa xidmət etsə də, bəzi hallarda sığorta şirkəti ödəniş etməkdən imtina edə bilər.
Bəs hansı hallarda vətəndaş sığorta ödənişi ala bilməz?
Mövzu ilə bağlı KONKRET.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, sığorta ödənişindən imtinaya səbəb olan bir sıra hallar mövcuddur:
“Əgər sığorta hadisəsi qəsdən törədilibsə, ödənişdən imtina oluna bilər. Eyni zamanda, yaşayış sahəsində istifadəsi qadağan olunan avadanlıqların istehsalat məqsədilə işlədilməsi nəticəsində baş verən yanğın və ya partlayış da sığorta ödənişindən imtinaya əsas yaradır”.
Ekspert qeyd edib ki, sığorta hadisəsi zamanı və ya ondan sonra baş verən bəzi oğurluq halları da təminata daxil deyil:
“Məsələn, hadisə zamanı və ya hadisədən sonra mənzilin qapı və pəncərələrinin oğurlanması daşınmaz əmlakın icbari sığortası üzrə təminata daxil deyil. Bu halda dəymiş zərərə görə sığorta ödənişi verilmir”, – deyə Emil Ağabağırov vurğulayıb.
Bu baxımdan, vətəndaşların mənzillərini sığortalayarkən sığorta təminatının şərtləri və istisnaları ilə əvvəlcədən ətraflı tanış olmaları vacibdir.
Aynurə İsmayıl
KONKRET.az