“Məqsəd qrupda birinci olmaq idi və bacardılar, qurtardı getdi”

17.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan yığması UEFA Millətlər Liqasında D Liqasının 2-ci qrupunu birinci sırada bitirib. Komanda 4 oyunda 2 qələbə qazanıb, 2 heç-heçə edib.

Millinin sabiq məşqçisi Ağasəlim Mircavadov millinin nəticələri ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– 4 oyun, 2 qələbə və qrup liderliyi. Nəticələri necə şərh edərdiniz?
– Normaldır. Qarşıya qoyulan hədəf birinci olmaq idi və bacardılar. Federasiyanı, məşqçilər heyətini və futbolçuları təbrik edirəm.

– Milli ardıcıl üçüncü oyunda qələbə qazandı. Andorra üzərində qalibiyyətlə bağlı fikirləriniz nədir?
– Yaxşı oyun alındı. Ayxan Abbasov gənclərə şans verdi və onlar da müəyyən qədər özlərini doğrulda bildilər. Millinin belə seriya yaxalaması çox vacibdir.

– İkili fikirlər var: bir qism düşünür ki, rəqiblər çox zəifdir, bir qism isə millinin inkişafda olduğunu deyir. Siz necə düşünürsünüz?
– Bilirsiniz, bu dəqiqə Avropada zəif komanda yoxdur. Baxın, dünən Almaniya Niderlandı 5:0 məğlub etdi. İndi Niderlanda zəif deyə bilərik? Onlar özləri bir neçə gün əvvəl Yunanıstana 7 qol vurdu. Yunanlar da zəifdir? Avropada futbol dəyişib, artıq hamı oynaya bilir, zəif rəqib anlayışı yoxdur. Məqsəd qrupda birinci olmaq idi, bacardılar, qurtardı getdi. Məsələ budur.

– Hamı oynaya bilir dediniz. Sizcə, son 10 ildə Azərbaycan millisi oyun baxımından artırıb?
– Bu, geniş məsələdir. Nəticələri desəniz, onsuz da o vaxt da Avropa, dünya çempionatına düşə bilmirdik, indi də. Oyuna gəlincə, son görüşlərdə komandada əzmkarlıq, milli ruh hiss olunur. Heyət yeni formalaşır, vaxt vermək, gözləmək lazımdır.

– Yığmanın heyəti gəncləşir. Perspektiv görürsünüz?
– Burada əsas iş millinin yox, klubların üzərinə düşür. Yerli oyunçular şans qazanmalıdır, oynamalıdır və yığmaya hazır gəlməlidir.

– Təqsirkar klublardır?
– Kimsə təqsirkar deyil. Sadəcə gənc futbolçularımız da başa düşməlidir ki, bir-iki oyunla heyətə düşmürlər. Onlar mütəmadi oynamalı, rəqabətdə üstün olmalıdır.

– Hər şey yerli futbolçuların oynamasından asılıdır?
– Müəyyən qədər, hə. Baxın, dünən gənclər şans qazandı, Xəyal, Eşqin, Nihad, Murad və digərləri. Meydanda istəkli görünürdülər, çox çalışırdılar. Onlar belə də davam etməlidirlər. Digər gənc futbolçularımız da motivasiya qazanmalı, özlərinə inanmalıdırlar.

– Futbolçulardan söz düşmüşkən, kapitan Emin Mahmudov yığmada son oyununa çıxdı. Sizcə, millidə indiki məqamda onu əvəzedəcək kim var?
– Emini təbrik edirəm, rekordçu kimi millidən ayrıldı. O, daim üzərində çalışan, məsuliyyətli uşaqdır. Bizə Emin kimi futbolçular lazımdır.

– Ayxan Abbasovun müqaviləsi başa çatır. İşində qalmalıdır?
– Əlbəttə, Ayxan Abbasov millidə qalmalıdır. Nəticəyə baxsaq, tələb olunanı etdi. Qarşıya nə hədəf qoyulmuşdusa, ona çatdı. Gəlişindən sonra millidə ruh yüksəkliyi var, futbolçularla anlaşa bilir. Ona şans vermək lazımdır. İnanıram ki, getdikcə hər şey daha yaxşı olacaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью