Icma.az bildirir, futbolpress-az portalına istinadən.
14-15 noyabr tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində Kontakt Karate üzrə Avropa çempionatı keçirilib. 20 ölkənin idmançılarının iştirak etdiyi mötəbər yarışda Azərbaycan milli komandası da mübarizə aparıb.
Futbolpress.az xəbər verir ki, 5 idmançı ilə turnirə qatılan təmsilçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medal qazanaraq, 20 ölkə arasında komanda hesabında 4-cü yerdə qərarlaşıblar.
Belə ki, qadınların mübarizəsində Zeynəb Mövsümzadə, kişilər arasında isə Vüsal Əliyev bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adını qazanıblar. Vəliulla Bünyatov gümüş, Sevinc Mövsümzadə isə bürünc medal əldə edib.
Milli komandanın baş məşqçisi Nazim Mövsümzadə yarışın nəticələrini şərh edərək idmançılarımızın çıxışından razı qaldığını bildirib:
“Avropa çempionatında əldə etdiyimiz nəticəni qənaətbəxş hesab edirəm. Yarışda 20 ölkənin idmançıları iştirak edirdi və rəqabət kifayət qədər yüksək idi. İdmançılarımız göstərilən etimadı doğruldaraq ölkəmizi layiqincə təmsil etdilər. İki qızıl, bir gümüş və bir bürünc medal qazanmağımız komanda olaraq gördüyümüz işin nəticəsidir.
Əlbəttə, hər bir yarış bizim üçün həm təcrübə, həm də növbəti hədəflərə hazırlıq baxımından böyük əhəmiyyət daşıyır. Medal qazanan idmançılarımızı təbrik edir, əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Qarşıda bizi daha ciddi yarışlar gözləyir. Məqsədimiz əldə etdiyimiz uğurları davam etdirmək, Azərbaycan bayrağını beynəlxalq arenalarda daha yüksəklərə qaldırmaqdır”.