Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Şamaxı” Misli Premyer Liqasının VI turunda “Araz-Naxçıvan”ı məğlub edib – 2:1.
Matçdan sonra bölgə təmsilçisinin qapıçısı Rikardo Fernandes “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Azarkeşləriniz önündə ilk ev oyununda qələbə qazandınız. Matçı şərh edərdiniz.
– Bu oyun bizim üçün çox vacib idi. Ardıcıl səfərlərdən sonra doğma meydanımıza qayıtdıq. Fanatları qələbə ilə sevindirmək istəyirdik və bunu bacardıq. Çox xoşbəxtik.
– Bəzi epizodlarda kritik seyvlər edərək, komandanı qoldan xilas etdin. Oyununuzdan razı qaldınız?
– Qapıçıyam və işim seyvlər etməkdir. Komandaya kömək ola bilirəmsə, nə xoş mənə. Hər matçda əlimdən gələni edirəm. Üzərimdə çalışıram və bundan da yaxşı olmaq istəyirəm.
– 6 turda 9 xal toplamısınız. Nəticələr qənaətbəxşdir?
– Düşünürəm ki, pis deyil. Ümumiyyətlə, indi turnir cədvəlinə baxmıram. Əsas sonda harada olacağımızdır. Məqsədimiz hər oyunda yaxşı oynamaq, xal və ya xallar qazanmaqdır. İlk dövrədə 5 səfər, 1 ev matçımız oldu. Oyunlara baxsaq, topladığımız xallar da qənaətbəxşdir.
– Qarşıda iki həftəlik fasilə olacaq. Bu, komandanız üçün faydalıdır?
– Çatışmazlıqlarımız üzərində işləməliyik. Buna görə belə fasilənin olması yaxşıdır. Məşqlərdə intensiv çalışmalı, səhvlərimizə baxmalıyıq. Qarşıda uzun marafon var. Mövsümü yaxşı yerlərdə bitirməyi hədəfləyirik.
Şahin Cəfərov