Mercedes in arzusu idi, Nissan gerçəkləşdirir

29.01.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Nissan" günəş enerjisini mərkəzə alan “Ariya” konsepti ilə elektrikli avtomobillərdə şarj vərdişlərini dəyişdirməyi hədəfləyir. Yaz aylarında gündəlik işə gediş-gəliş üçün avtomobili hər gün şarj etməyə ehtiyac tamamilə aradan qalxa bilər.

Avtosfer.az xəbər verir ki, həm "Nissan", həm də "Mercedes" uzun müddətdir elektrikli avtomobillərin məsafəsini günəş enerjisi ilə artırmaq fikrini gündəmində saxlayır. Məqsəd aydındır: xüsusilə yaz aylarında gündəlik məsafələr üçün avtomobili hər gün şarj etməyə ehtiyac qalmamalıdır.

Əslində bu fikir yeni deyil. Keçmişdə "Hyundai" “Ioniq 5” modelini günəş tavanı ilə təqdim etmişdi. Almaniya mərkəzli “Sono” isə “Sion” adlı modeli ilə demək olar ki, tamamilə günəş panelləri ilə örtülmüş avtomobil istehsalını planlaşdırmışdı.

"Nissan" bu dəfə iddialı addım ataraq "Ariya"nın günəş enerjisinə əsaslanan konseptini təqdim edib. Avtomobil 26 yanvar 2026-da keçirilən “Clean Energy Day” tədbirində göstərilib. Konseptdə ön kapot, tavan və baqaj qapağına yerləşdirilmiş günəş panelləri günəş işığını birbaşa elektrik enerjisinə çevirir.

"Nissan" bu modeli “fotovoltaik dəstəklənmiş "Ariya" deyil, birbaşa “günəş enerjisi ilə işləyən Ariya” kimi təqdim edir. Bu ifadə göstərir ki, avtomobilin təkərini hərəkətə gətirmək üçün lazım olan enerjinin əhəmiyyətli hissəsi birbaşa günəşdən təmin ediləcək.

Avtomobilin hazırlanması "Nissan"ın Dubaydakı “Advanced Product Planning” komandası ilə Barselonadakı “Powertrain Planning” komandasının birgə əməkdaşlığı ilə həyata keçirilib. Günəş hüceyrələri isə Hollandiyalı “Lightyear” tərəfindən təmin edilib. "Lightyear" əvvəllər “Lightyear One” layihəsi ilə tanınmış, lakin üç il əvvəl istehsal yalnız bir neçə avtomobildən sonra dayandırılmışdı. Daha ucuz variantı planlaşdırılan “Lightyear 2” isə heç vaxt reallaşmadı.

"Nissan"ın verdiyi məlumata görə, konsept avtomobillə ilk uzun yol testləri uğurlu nəticələr göstərib. Bunlar arasında Niderlandla Barselona arasında həyata keçirilmiş 1.550 km-lik səyahət də var. Şirkət bildirir ki, illik 6 min km-lik istifadə ssenarisində günəş panelləri sayəsində illik şarj sayını ideal şəraitdə 23-dən 8-ə endirmək mümkündür.

"Nissan"ın elektrik güc sistemi üzrə meneceri Şunsuk Şiqemoto qeyd edir: “Bu avtomobil yalnız texniki nailiyyət deyil, həm də Nissan-ın elektrikli mobilitənin növbəti mərhələsində necə liderlik etmək istədiyinin göstəricisidir”.

Konsept "Ariya"da günəş panelləri ümumilikdə 3,8 m² sahəni əhatə edir. Maksimum güc dəyəri açıqlanmır, lakin ideal şəraitdə gündəlik 23 km-ə qədər əlavə məsafə təmin edilə bilir. Barselona kimi günəşli şəhərlərdə gündəlik orta 18 km, Dubayda 21 km, Londonda isə təxminən 10 km əlavə məsafə əldə edilib. Şarj dövrlərində isə 35–65% azalma mümkündür.

Həmçinin, iki saatlıq və 80 km-lik səyahət ərzində təxminən 0,5 kWh yenilənə bilən enerji istehsal olunub ki, bu da təxminən 3 km-lik əlavə məsafəyə bərabərdir. Rəqəmlər inqilabi olmasa da, "Nissan" konseptlə elektrikli avtomobillərdə günəş enerjisinin gündəlik istifadəyə real töhfə verə biləcəyini göstərmək istəyir./hit.az

Oxunub 10

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью