Mərdəkanda avrokubok savaşı

05.05.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək. İlk oyun günündə “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların bumövsümkü son dueli “Liv Bona Dea Arena”da olacaq.

“Araz-Naxçıvan” 30 turdan sonra 52 xalla 3-cü sırada qərarlaşıb. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv ən yaxın izləyicisi “Turan Tovuz”u 5 xal qabaqlayır. Naxçıvan təmsilçisi bu matçda qələbə qazansa, fərq 8 olacaq və “qırmızılar” böyük ölçüdə 3-cü yerin taleyini həll edəcək. Buna baxmayaraq, heç-heçə də komandaya sərf edən nəticədir. Azından aradakı fərq qorunacaq.

“Turan Tovuz” üçünsə görüşü davam, ya tamam kimi qəbul etmək olar. Kurban Berdıyevlə avrokuboklara vəsiqəni hədəfləyən tovuzlular şanslarını saxlamaq üçün mütləq qələbə qazanmalıdır. “Araz-Naxçıvan”la fərqin 2-yə enməsi “Turan Tovuz”un motivasiyasını artıracaq, meydan sahiblərini isə müəyyən qədər təzyiq altına salacaq.

Komandalar bu mövsüm 3 dəfə üz-üzə gəlib. “Araz-Naxçıvan” 2, “Turan Tovuz” isə bir oyunda qələbə qazanıb. Tərəflərin son iki dueli minimal hesablı nəticələrlə başa çatıb.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu saat 19:00-da start götürəcək.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью