Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyanın sabiq kansleri Angela Merkel Saksoniya-Anhalt federal torpağında keçiriləcək parlament seçkilərinə bir həftə qalmış vətəndaşları demokratiyanı müdafiə etməyə çağırıb. Bu barədə “Deutsche Welle” məlumat yayıb.
Merkel Berlində keçirilən ictimai müzakirə zamanı bildirib ki, alman cəmiyyəti son onilliklərdə olmadığı qədər demokratiya uğrunda mübarizə aparmalı, fəal olmalı və öz mövqelərini qətiyyətlə müdafiə etməlidir.
Keçmiş kansler “Almaniya üçün Alternativ” (AfD) partiyasının güclənməsini bütün ölkəni əhatə edən siyasi tendensiya adlandırıb. Onun sözlərinə görə, AfD xüsusilə Almaniyanın şərq federal torpaqlarında uzun müddətdir güclü mövqelərə malikdir, lakin son dövrdə ölkənin qərbində də nüfuzunu artırıb.
Merkel qeyd edib ki, seçki kampaniyası zamanı AfD müəyyən mənada bütün siyasi müzakirələrə hakim olmağı bacarıb. Bu isə seçicilərin digər partiyaların hansı siyasəti müdafiə etdiyini anlamasını çətinləşdirir.
Saksoniya-Anhalt parlamentinə seçkilər 6 sentyabrda keçiriləcək. Sorğulara əsasən, seçki yarışında AfD rəqiblərini əhəmiyyətli fərqlə qabaqlayır.
“Deutsche Welle”nin məlumatına görə, “Bild am Sonntag” qəzetinin sifarişi ilə INSA institutu tərəfindən keçirilən son sorğuda respondentlərin 47 faizi AfD-nin federal hökumətə gəlməsinin Almaniyaya zərər vuracağını bildirib. 36 faiz bu fikirlə razılaşmayıb, 17 faiz isə suala cavab verməyib.
Sorğu iştirakçılarının 22 faizi isə AfD-nin hakimiyyətə gələcəyi təqdirdə Almaniyanı tərk etməyə hazır olduğunu bildirib.
S.ELAY
XQ