Icma.az, Qol.az saytına istinadən bildirir.
Almaniyanın sabiq kansleri Angela Merkel “Bavariya”nın baş məşqçisi Vensan Kompaninin səhhəti ilə bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, Kompani ikinci komandanın məşqi zamanı huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilmişdi. Mütəxəssisdə beyin qişalarının qıcıqlanması aşkarlanıb. O, dünən xəstəxanadan evə buraxılıb və ona istirahət etmək tövsiyə olunub.
Merkel “MagentaTV”yə açıqlamasında Kompaninin tezliklə sağalmasını arzulayıb və onun yaşadıqlarını orqanizmin həddindən artıq gərginliyə reaksiyası ilə əlaqələndirib:
“Əvvəla, baş verənləri eşidəndə çox üzüldüm. Ona tezliklə sağalmağı, tam bərpa olunmasına imkan verəcək şərait arzulayıram.
Mən də fasilə verməyin nə demək olduğunu müəyyən qədər bilirəm. Vensan Kompaninin işinə, ayrı-seçkilik və bir çox digər məsələlərlə bağlı qəti mövqeyinə böyük hörmət bəsləyirəm. Təsəvvür edə bilərəm ki, futbolçu olsaydım, məhz belə bir məşqçi ilə işləmək istəyərdim.
Belə deyim: Vensan Kompani öz istəyi ilə evdə qalmaq qərarına gəlməyib. Orqanizminin nəhayət ona “Dayan!” siqnalı verməsi üçün nəsə baş verməli idi.
Mənim başıma da eyni hadisə gəlmişdi. 2019-cu ildə hərbi ehtiram mərasimi zamanı titrəməyə başladım. Bu, yığılmış gərginliyin üzə çıxması idi. Yəqin ki, buna anamın vəfatı, yaxud kansler vəzifəsindən tezliklə ayrılacağımı dərk etməyim səbəb olmuşdu. Belə anlarda orqanizm sadəcə siqnallar verməyə başlayır. İnsan baxımından bu, əslində, çox yaxşı haldır”.