“Mərkəzi Azəri”də nəzarət sazlama işləri aparılır

26.08.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq Mərkəzi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramının icrasına başlanılıb. Bu barədə “bp-Azərbaycan” şirkəti məlumat yayıb.

Bildirilib ki, 11 gün davam edəcək proqramda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə əlaqədar platformadan hasilat bir qədər azaldılsa da, tam dayandırılmayacaq. Çünki hazırda AÇG platformalarında tətbiq olunan qabaqcıl texnologiyalar profilaktik işlər zamanı hasilatı təhlükəsiz şəkildə davam etdirməyə imkan verir. Yeni texnologiyaların tətbiqi profilaktik işlər zamanı əməliyyatları təhlükəsiz və etibarlı şəkildə həyata keçirməyə imkan verməklə hasilata təsirləri minimuma endirməyə kömək edir.

“Azəri” yatağındakı qurğuların həm layihələndirməsi, həm də əməliyyat konfiqurasiyası inteqrasiya edilmiş olduğundan həmin müddət ərzində “Şərqi Azəri” və “Qərbi Azəri” platformalarında da hasilat müvəqqəti olaraq azaldılacaq. Qeyd edək ki, bu profilaktik işlər proqramına müxtəlif layihələr, o cümlədən vacib bütövlük və texniki xidmət işləri, məşəl sistemində təkmilləşdirmələr, etibarlılığın artırılması təşəbbüsləri və anomaliyaların aradan qaldırılması tədbirləri daxildir.

Proqram “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyan və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulmuş “Mərkəzi Azəri qaz genişləndirilməsi” layihəsinin (CAGE) icrasına aid bəzi işləri də əhatə edəcək. Həmin işlərə qazın yenidən laylara vurulması gücünün artırılması və əməliyyat çevikliyinin gücləndirilməsini dəstəkləmək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar, temperatur cihazlarının dəyişdirilməsi və istiqamətləndirici klapanların quraşdırılması daxildir.

Qeyd edək ki, CAGE layihənin icrasına bu ilin yanvar ayında başlanıb. Layihə çərçivəsində işlər ilin birinci yarısında plana uyğun davam etdirilib. “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyan bu layihə mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulub.

Ötən müddətddə layihə çərçivəsində platformadakı mövcud 4 qazvurma kompressorunun daxili rotasiya blokları və köməkçi hissələri dəyişdirilərək əsaslı şəkildə modernləşdirilib. Bütün bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan, təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq yerinə yetirilib.

Layihə üzrə nəzərdə tutulmuş digər modifikasiyalar isə hazırda “Mərkəzi Azəri” platformasında aparılan planlaşdırılmış profilaktik işlər proqramı zamanı həyata keçiriləcək. Bunun ardınca bütün qalan yekun işlər tamamlandıqdan sonra cari ilin sentyabrında layihə başa çatacaq.

Ümumilikdə isə, “Mərkəzi Azəri”də aparılan profilaktik işlər proqramı normal əməliyyatların bir hissəsidir və planlaşdırılmış şəkildə həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2025-ci ildən başlanıb. Həmin tədbirlər cari ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Eyni zamanda, hasilatın müvəqqəti azaldılması da bu ilin hasilat planında nəzərdə tutulub.

Qurumun məlumatına əsasən, AÇG-nin digər platformalarından, eləcə də “Şahdəniz” yatağının platformalarından hasilat, və Səngəçal terminalında əməliyyatlar normal davam edəcək. Profilaktik xidmət, təmir və modifikasiya işlərindən ibarət olan bu planlaşdırılmış proqram obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir.

Xatırladaq ki, “Mərkəzi Azəri” platforması Bakıdan 100 kilometr şərqdə, Xəzərin 128 metr dərinliyində yerləşir. 2005-ci il fevralın 18-də “Azəri” yatağının mərkəzi hissəsində quraşdırılmış bu nəhəng, nadir platformanın istismara verilməsi ilə Azərbaycanın yeni neft strategiyası çərçivəsində böyük neft hasilatına başlanılıb.

İndiyədək platformada 58 quyu qazılıb. Hazırda həmin quyuların 43-ü istismardadır. Bunlardan 28-i neft hasilatı, 9-u qaz injektor və 5-i suvurma quyularıdır. 1 quyudan isə şlamların yenidən laya vurulması üçün istifadə olunur. 2026-cı ilin birinci yarısında “Mərkəzi Azəri” gündəlik 88 min barel orta hasilat göstəricisi ilə AÇG platformaları arasında liderliyini qoruyub saxlayıb.

M.YAQUBZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью