Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
Azərbaycan Mərkəzi Bankı “Baku Pay” MMC-də apardığı yerində yoxlamanın nəticələrinə əsasən şirkətin vəzifəli şəxsi barəsində inzibati tədbir görüb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31 mart – 15 aprel 2026-cı il tarixlərində “Baku Pay” MMC-də keçirilmiş yerində yoxlama zamanı pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb.
Aşkarlanmış pozuntularla əlaqədar şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2-ci maddəsinə əsasən 2 000 manat məbləğində cərimə edilib.
Həmçinin, Azərbaycan Mərkəzi Bankı “Global Innovations” MMC-də apardığı yerində yoxlama zamanı çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin bir sıra tələblərinin pozulduğunu müəyyən edib.
Məlumata görə, yoxlama 24 fevral – 17 mart 2026-cı il tarixlərində həyata keçirilib.
Yoxlamanın nəticələrinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.
Bununla əlaqədar “Global Innovations” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələrinə əsasən hüquqi şəxs kimi 50 000 manat məbləğində cərimə edilib.