Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycan Mərkəzi Bankı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna üzv qəbul olunub. Bununla da, bank dünyanın müxtəlif ölkələrinin sığorta nəzarətçiləri və tənzimləyiciləri ilə əməkdaşlığı genişləndirmək, beynəlxalq təcrübə və bilik mübadiləsində iştirak etmək, eləcə də forumun işçi qrupları və müzakirələrində təmsil olunmaq imkanı əldə edib.
Bu üzvlük sayəsində Mərkəzi Bank sığorta sektorunda dayanıqlılığın və iqlim risklərinə qarşı davamlılığın gücləndirilməsi ilə bağlı beynəlxalq təşəbbüslərə töhfə verə, həmçinin qabaqcıl beynəlxalq təcrübənin ölkənin sığorta sektorunun inkişafında tətbiqi imkanlarını da genişləndirə biləcək.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının dəstəyi ilə 2016-cı ildə yaradılan forum sığorta sektorunda dayanıqlılıq məsələlərinin, o cümlədən iqlim dəyişiklikləri ilə bağlı risklərin sığorta nəzarəti çərçivəsində nəzərə alınması üzrə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi platformasıdır. Forum sığorta tənzimləyiciləri və nəzarət orqanlarını bir araya gətirməklə, dayanıqlı inkişaf sahəsində sektorun üzləşdiyi kritik çağırışların aradan qaldırılması istiqamətində birgə fəaliyyəti təşviq edir.
XQ