Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Azərbaycan iqtisadiyyatında dedollarlaşma meyilləri artıb.
Bunu Milli Məclisin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib.
AMB sədri bildirib ki, 2022-ci ildən bəri Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatlar nəticəsində pul siyasətinin ötürücülük mexanizmi gücləndirilib, iqtisadiyyatda dedollarlaşma meyilləri artıb: "Rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi ilin əvvəlindən 2.1 faiz bəndi azalaraq oktyabr ayı nəticələrinə görə 28.5 faizə enib ki, bu da tarixi minimum göstəricidir.
Bu dinamika həm manatla bağlı gözləntilərin müsbət olduğunu, həm də milli valyutamıza inamın gücləndiyini təsdiq edir".
"Yeni Sabah" mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: "Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" İqtisadçı Xalid Kərimlinin fikrincə, vətəndaşlar pullarının çox az qismini avro, dollar və digər xarici valyutalarda saxlayırlar, daha çox isə manata üstünlük verirlər: "Mərkəzi Bank dedollarlaşmanı əmanətlərin strukturu ilə müəyyənləşdirir.
Yəni insanlar əmanətlərini daha çox manatla yığıb, nəinki dollarla. Səbəblərdən biri manatda gəlirin daha çox olmasıdır.
Manatla əmanətdə 11-12 faiz depozit gəliri verilirsə, dollarda bu rəqəm 2.5-3.5-dir.
Vətəndaş da görür ki, manatın məzənnəsi uzun müddətdir dəyişmir, sabit olaraq qalır. O səbəbdən də pul itirmək istəmir.