Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) İslam Əməkdaşlıq Təşkilatının Kapital Bazarları Forumunda rəhbərliyi davam etdirir və bu platforma vasitəsilə “Sukuk” – yəni İslam istiqrazlarının tətbiqi üçün hüquqi və tənzimləyici bazanı formalaşdırması üzərində işləyir.
"APA-Economics" xəbər verir ki, bu barədə AMB-dən bildirilib.
Qeyd edilib ki, növbəlilik prinsipinə əsasən, AMB 2024-cü ildə qəbul etdiyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Kapital Bazarı Tənzimləyiciləri Forumunun Kapital Bazarının İnkişafı üzrə işçi qrupuna sədrliyini 2025-ci ildə də davam etdirir.
Sədrlik çərçivəsində AMB üzv dövlətlərlə birgə kapital bazarının inkişafına dair analitik təhlillər aparır və müvafiq siyasət tövsiyələri hazırlayır.
2024-cü ildə işçi qrupun təşəbbüsü ilə “Sukuk bazarının inkişafı və yaşıl sukuk təşəbbüsləri” mövzusunda hesabat hazırlanıb.
Bu təşəbbüslərin davamı olaraq, 2025-ci il üçün fəaliyyət mövzusu “Azərbaycanda Sukukun tətbiqi üçün hüquqi və tənzimləyici şərtlər: xarici təcrübə, tənzimləyici boşluqlar və islahatlara ehtiyac” kimi müəyyən edilib.
Aparılmış araşdırmanın nəticələri 14-cü İllik COMCEC Kapital Bazarı Tənzimləyiciləri Forumunda təqdim olunub və AMB-nin Kapital bazarları fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin nümayəndəsi tərəfindən təqdimat keçirilib.