Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Maliyyə bazarlarında əsas müzakirə mövzularından biri Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı verəcəyi növbəti qərardır.
İnflyasiya təzyiqləri və qlobal iqtisadi meyllər fonunda tənzimləyicinin hansı addımı atacağı vətəndaşlar və sahibkarlar üçün xüsusi əhəmiyyət daşıyır. Çünki uçot dərəcəsində baş verən dəyişiklik nəzəri olaraq kredit və əmanət faizlərinə, biznesin maliyyələşmə xərclərinə, eləcə də yığımların gəlirliliyinə təsir göstərir.
İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı Modern.az-a açıqlamasında Mərkəzi Bankın uçot dərəcəsini dəyişməz saxlamasının daha məntiqli olacağını bildirib.
Onun sözlərinə görə, qlobal iqtisadi meyllər nəzərə alınarsa, faiz dərəcəsinin artırılması ehtimalı da istisna edilmir:
“Mərkəzi Bank çox güman ki, uçot dərəcəsini dəyişməz saxlayacaq. Dünyada gedən proseslər nəzərə alınaraq onun 0,25 faiz bəndi artırılması da mümkündür. Amma düşünürəm ki, uçot dərəcəsinin indiki səviyyədə saxlanılması daha məntiqli qərar olardı”.
İqtisadçı vurğulayıb ki, Azərbaycanda uçot dərəcəsi ilə kommersiya banklarının kredit faizləri arasında güclü əlaqə yoxdur:
“Təəssüf ki, bizdə monetar transmissiya mexanizmi işləmir. Yəni uçot dərəcəsi ilə kredit faizləri arasında birbaşa əlaqə çox zəifdir. Bu problem illərdir davam edir. Ona görə də Mərkəzi Bankın qərarının kredit faizlərinə birbaşa təsiri olmayacaq”.
Natiq Cəfərlinin fikrincə, uçot dərəcəsi dəyişməz saxlanılarsa, bankların kredit faizlərində də ciddi dəyişiklik gözlənilmir.
Lamiyə Cənnətzadə