Mərkəzi Bankın beynəlxalq əməkdaşlığı genişlənir

20.10.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov və maliyyə nazirinin birinci müavini Anar Kərimovun rəhbərlik etdiyi heyət Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) illik toplantıları çərçivəsində DB-nin Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə keçirilən görüşdə iştirak edib.

AMB-dən bildirilib ki, görüşdə ölkədə makroiqtisadi mühit, maliyyə sektorunun inkişaf meyilləri və DB ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin cari statusu barədə məlumat verilib. Bundan əlavə, Azərbaycan ilə DB arasında uzunmüddətli və səmərəli əməkdaşlığın ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsinə, maliyyə sektorunun inkişafına və dayanıqlı iqtisadi artıma mühüm töhfə verdiyi vurğulanıb.

Görüşdə, həmçinin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına dəstək mexanizmləri, eləcə də DB-nin 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsi çərçivəsində həyata keçirilən və nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Mərkəzi Bankı (AMB) və Slovakiya Milli Bankı (SMB) arasında Anlaşma Memorandumu imzalanıb.

Qurumun sədri Taleh Kazımov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantıları çərçivəsində SMB-nin sədri Peter Kazimirlə görüş keçirib. Görüş zamanı qlobal və regional makroiqtisadi mühit, maliyyə sektorunda müşahidə olunan inkişaf meyilləri və iki qurum arasında əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub.

Görüşün yekununda qurumlar arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi, eləcə də mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Memorandum çərçivəsində pul siyasəti, ödəniş sistemləri və maliyyə texnologiyaları, həmçinin bank, sığorta və kapital bazarlarının tənzimlənməsi və onlara nəzarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью