Mərkəzi Bankın maliyyə açıqlaması

16.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ölkəmizin xaricə yatırımı kənar investisiyaları 1,5 dəfə üstələyir

2026-cı ilin ilk yarısında cari əməliyyatlar balansında 4,7 milyard ABŞ dolları həcmində profisit formalaşıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Cari əməliyyatlar balansında formalaşmış profisit ümumi daxili məhsulun 12,4 faizinə bərabər olub. Bu və digər məsələlər barədə dünən Azərbaycan Mərkəzi Bankında 2026-cı ilin ilk yarısına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib.

Mərkəzi Bankın cari əməliyyatlar balansının profisiti ilə bağlı gözləntilərindən bəhs edən departament rəhbərinin sözlərinə görə, iyul ayında açıqlanan proqnozlara əsasən, 2026-cı il üzrə cari əməliyyatlar balansının profisitinin 6,1 milyard dollar, 2027-ci il üzrə isə 5,2 milyard dollar olacağı ehtimal olunur. Mərkəzi Bankın makroiqtisadi proqnozlarını mütəmadi olaraq nəzərdən keçirərək yenilədiyini diqqətə çatdıran natiq onu da bildirib ki, növbəti pul siyasəti kommunikasiyası çərçivəsində cari əməliyyatlar balansına dair proqnozlara yenidən baxılacaq və güncəllənmiş yeni proqnozlar hazır olduqdan sonra geniş ictimaiyyətə təqdim ediləcək.

Bu ilin ilk 6 ayında Azərbaycanın xaricə yatırdığı birbaşa xarici investisiyalar barədə məlumat verən direktor deyib ki, hesabat dövründə birbaşa xarici investisiyalarının həcmi, təxminən, 5 milyard 360 milyon ABŞ dolları təşkil edib. Bu investisiyaların əsas hissəsinin İtaliyanın payına düşdüyünü vurğulayan bank rəsmisinin sözlərinə görə, hesabat dövründə Azərbaycan adıçəkilən ölkənin enerji sektoruna 3 milyard 245,6 milyon dollar həcmində sərmayə yatırıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur.

Diqqətə çatdırılıb ki, xaricə yönəldilən birbaşa investisiyalar üzrə ilk beşliyə İtaliya ilə yanaşı, Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan daxil olub. AMB rəsmisi belə investisiyaların gələcək dövrlərdə ölkəmizin ilkin gəlirlər balansında əlavə dəyər yaradan əsas mənbələrdən biri olacağını vurğulayıb.

Brifinqdə cari ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalar barədə də media nümayəndələrinə məlumat verilib. Qeyd olunub ki, yanvar-iyun aylarında xaricdən ölkəmizin iqtisadiyyatına 3 milyard 666,9 milyon dollar yatırım edilib. Bu göstərici üzrə isə ilk beşlikdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə, Kipr, Rusiya və İran İslam Respublikası yer alıb.

Departament direktoru cari ilin 6 ayında pul baratlarının dövriyyəsi ilə bağlı qeydə alınmış göstəricilər barədə məlumat verərkən bildirib ki, hesabat dövründə xaricdən Azərbaycana daxil olan pul baratlarının həcmi 748 milyon 464 min dollar təşkil edib. Bununla yanaşı, yanvar-iyun aylarında ölkədən xaricə köçürülmüş pul baratlarının həcmi isə 207 milyon 878 min dollar olub.

Qeyd edilib ki, ölkəyə daxil olan pul baratlarının əsas mənbəyi Rusiya olub. Növbəti yerlərdə Türkiyə, ABŞ, İrlandiya, Gürcüstan və s. qərarlaşıb. Ölkədən xaricə göndərilən pul baratlarının əsas istiqamətləri isə Türkiyə, ABŞ, Rusiya, Gürcüstan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallıq üzrə qeydə alınıb.

Bu ilin birinci yarısında ölkəmizin idarə, müəssisə və təşkilatları qiymətli kağızlar bazarından 606 milyon ABŞ dolları gəlir əldə edib. “Biz mütəmadi olaraq portfel investisiyalarında xarici aktivlərimizin artmasını müsbət hal kimi qeyd edirdik. Bu, növbəti dövrdə ölkəyə gələn faiz gəlirlərinin artmasına xidmət edir”, – deyə bank rəsmisi bildirib.

M.YAQUBZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью