Mərkəzi Gömrük Hospitalında elmi praktik simpozium keçirilib

27.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Dislipidemiyanın aktual məsələləri: qərar qəbul etmə vaxtı” mövzusunda elmi-praktik simpozium keçirilib. Simpozium ürək-damar xəstəliklərinin profilaktikası və müalicəsində dislipidemiyanın erkən aşkarlanması, lipid profilinin qiymətləndirilməsi, risklərin stratifikasiyası və müasir müalicə yanaşmalarının tətbiqi ilə bağlı aktual məsələlərin müzakirəsinə həsr olunub.

Tədbirdə rəsmi açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov ürək-damar xəstəliklərinin risk amillərinin idarə olunmasının mümkünlüyünü vurğulayaraq bildirib ki, dislipidemiya aterosklerozun inkişafında mühüm rol oynayır və ateroskleroz işemik ürək xəstəliyi, miokardın infarktı, insult kimi ciddi ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. 

Ceyhun Məmmədov qeyd edib ki, dislipidemiya əksər hallarda heç bir klinik əlamət vermədən inkişaf edir və bəzən onun ilk təzahürü miokard infarktı və ya insult kimi ağır fəsadlarla üzə çıxır. Buna görə əsas məqsəd xəstəliklər baş verməzdən əvvəl riskləri müəyyənləşdirmək və vaxtında düzgün tibbi qərarlar qəbul etməkdir. Bu istiqamətdə risk qruplarının müəyyənləşdirilməsi, skrininq proqramlarının həyata keçirilməsi, müayinələrin nəticələrinə əsasən fərdi ürək-damar risklərinin qiymətləndirilməsi və müalicə hədəflərin təyin olunmasının vacibliyini vurğulayan C. Məmmədov bildirib ki, bu, uzunmüddətli və sistemli yanaşma tələb edən proses olsa da, ürək-damar xəstəliklərinin profilaktikası və ağırlaşmaların qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Tibbi Xidmət İdarəsi tərəfindən gömrük əməkdaşları arasında lipid profillərinin skrininqinin vacibliyi C.Məmmədovun çıxışında xüsusi qeyd edilib.

Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov çıxışında xəstəliklərin müalicəsi ilə yanaşı, onların yaranmasının qarşısının alınmasının da əsas prioritetlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, insanların heç bir sağlamlıq şikayəti olmadığı halda belə, müayinələrdən keçirilməsi, mümkün risklərin erkən aşkarlanması və müvafiq profilaktik tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Müasir tibbin profilaktik prinsiplərinə əsaslanan bu yanaşma insanların sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına və gələcək fəsadların qarşısının alınmasına xidmət edir. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlunun moderatorluğu ilə “Epidemiologiya, skrininq və erkən aşkarlanma” mövzusuna keçirilən birinci panelində dislipidemiyanın erkən aşkarlanması, lipid mübadiləsinin qiymətləndirilməsi və ürək-damar risklərinin idarə olunması məsələləri müzakirə edilib.

Panel çərçivəsində Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Səbinə İbrahimova “Dövlət Gömrük Komitəsinin əməkdaşları arasında lipid profillərinin skrininqi: layihənin təqdimatı və ilkin nəticələr”, Hospitalın Kardiologiya şöbəsinin kardioloqu Günay Məmmədova “Aterosklerozun epidemiologiyası və ürək-damar risklərinin idarə edilməsi üçün yeni təşkilati texnologiyalar”, Hospitalın kardioloqu Günay Hətəmova “Ailəvi hiperxolesterolemiya: xəstəliyin skrininqi, genetik diaqnozu və müalicəsində mövcud problemlər” mövzularında məruzələrlə çıxış ediblər.

Mərkəzi Gömrük Hospitalının invaziv kardioloq Samir Mustafayev və kardioloqu Emin Hacıbalayevin moderatorluğu ilə “Müalicə strategiyaları: qərar qəbul etmə vaxtı” mövzusunda keçirilən paneldə dislipidemiyanın müasir müalicə strategiyaları, ürək-damar risklərinin qiymətləndirilməsi və fərdi müalicə hədəflərinə nail olunması məsələləri müzakirə edilib.

Panel çərçivəsində Azərbaycan Tibb Universitetinin dosenti Rəhimə Qabulova “Dislipidemiyanın ürək-damar risk təbəqələşməsinə təsiri və lipid profilinin digər ürək-damar risk faktorları ilə əlaqəsi”, Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Emin Allahverdiyev “LDL-C hədəflərinə çatmaqda maneələri necə aradan qaldırmaq olar? Erkən terapiyanın faydaları”, Ege Hospitalının invaziv kardioloqu Ürfan Cəfərov “Dislipidemiya və komorbid xəstəlikləri olan pasiyentlərin idarə olunması: gündəlik klinik praktikanın çağırışları”, İnci Klinikasının Kardiologiya şöbəsinin müdiri Fuad Səmədov isə “Dislipidemiyanın idarə olunmasında yeni bir fəsil: real həyat praktikasında hədəfli terapiya” mövzularında məruzələrlə çıxış ediblər. Simpozium panel müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə həyata keçirilib.

Simpozium dislipidemiyanın diaqnostikası və müalicəsinə dair müasir elmi yanaşmaların paylaşılması, klinik təcrübələrin müzakirəsi, eləcə də ürək-damar xəstəliklərinin profilaktikası və idarə olunması sahəsində mütəxəssislər arasında elmi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli platforma olub. Elmi Simpozium Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью