futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sabah Misli Premyer Liqasında X tura start veriləcək.
Lider “Sabah” səfərdə “Turan Tovuz”la qarşılaşacaq. Tovuz şəhər stadionunda baş tutacaq görüşə saat 18:30-da start veriləcək.
“Bayquşlar” çempionatda 20 xalla liderdir. Məğlubiyyətsiz yoluna davam edən kollektiv 8 oyunda 6 qələbə qazanıb, 2 heç-heçə edib.
Tovuz təmsilçisi 15 xalla 4-cü sıradadır. “Bozqurdlar” 9 oyunda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 2 dəfə uduzub.
Komandalar arasındakı son beş oyunda “Sabah” 4, “Turan Tovuz” 1 qələbə qazanıb. “Bayquşlar” bu matçlarda 10 qol vurub, 5-ni buraxıb.
Kurban Berdıyevin yetirmələri son iki matçda qalib gələ bilməyib. Tovuzlular “Neftçi” ilə heç-heçə edib, “İmişli”yə isə uduzub. Komandanın performansı yerli camiədə narazılıq yaradır. Fanatlar uğursuz nəticələrin səbəbkarı kimi Berdıyevi görür. Növbəti turlar mütəxəssisin klubdakı taleyi ilə bağlı həlledici ola bilər.
“Sabah” isə yaxşı formadadır. Yoluna itkisiz davam edən “futuristlər” ən yaxın izləyicisi “Neftçi”ni iki xal qabaqlayır. Komanda həm Çempionlar Liqasında, həm də liqada mübarizə aparmasına baxmayaraq, ağır təqvimdən üzüağ çıxa bildi. Tovuzdakı matçda da favorit məhz “Sabah”dır.
Şahin Cəfərov