Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Mərmərə dənizində, Silivri sahillərində iki kommersiya gəmisinin toqquşması nəticəsində “Tuğberk İmamoğlu” adlı quru yük gəmisi ilə əlaqə kəsilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı gəmidə 10 nəfər heyət üzvünün olduğu bildirilir.
Qəza nəticəsində batdığı ehtimal edilən gəminin 800-900 metr dərinlikdə olduğu ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Məlumata görə, “Tuğberk İmamoğlu” gəmisi “Alsu” adlı tanker ilə toqquşub. Gəminin sahibi Tahsin Doğruyol bildirib ki, “Alsu” öz hərəkət marşrutunda olmayıb.
Onun sözlərinə görə, qəza baş verməzdən əvvəl “Tuğberk İmamoğlu”nun kapitanı digər gəmi ilə əlaqə yaratmağa çalışıb. Daha sonra ikinci dəfə əlaqə saxlanılıb və bundan sonra toqquşma baş verib.
Doğruyol bildirib ki, “Tuğberk İmamoğlu”nun qəza barədə siqnalı saat 03:15-də verilib. “Alsu” gəmisindən isə hadisə barədə məlumat saat 03:41-də daxil olub.
Hadisə ilə bağlı aparılan araşdırma zamanı “Tuğberk İmamoğlu”nun qəza öncəsi radio danışıqları da üzə çıxıb.
Qeydə alınan danışıqda gəminin kapitanının “Alsu” tankerinin kapitanına istiqamət dəyişməsi barədə xəbərdarlıq etdiyi eşidilir. Kapitanın “Alsu, iskeleye kır demiştim” sözləri diqqət çəkib.